- Offside
- 13:25 24.11.2024
Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Corner.az xəbər verir ki, Yaponiya Milli Stadionundakı tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz təşkil olunub.
Əvvəlcə 6 yerli idmançı Yaponiya bayrağını meydanın mərkəzinə gətirib və dövlət himni səsləndirilib
Daha sonra iştirakçı ölkələrin bayraqdarları qarışıq şəkildə arenaya daxil olublar. Açılış mərasimindən fərqli, bu dəfə Azərbaycan bir bayraqdarla təmsil olunub. Dövlət bayrağını olimpiadada gümüş medal qazanmış sərbəst güləşçi Hacı Əliyev daşıyıb. Ardınca isə idmançılar eyni qaydada meydanın mərkəzinə toplaşıblar.
Daha sonra qadınlar və kişilər arasında marafonun qalibəri mükafatlandırlıb. Qadınların mübarizəsində Keniya atleti Peres Cepçirpirə qızıl, onun həmyerlisi Bricit Kosgeyə gümüş, ABŞ təmsilçisi Molli Zaydelə bürünc medal təqdim olunub. Kişilərdə isə fəxri kürsünün ilk pilləsinə keniyalı Eliud Kipçoge qalxıb. İkinci yeri Niderland atleti Abdi Nageye tutub. Bürünc medalı isə Belçikanı təmsil edən Bəşir Abdi qazanıb.
Olimpiadanın rəsmi himni səsləndirildikdən sonra olimpiya bayrağı endirilərək, yarışın növbəti təşkilatçı ölkəsi olan Fransanın nümayəndəsinə təqdim olunub. Ardınca isə Paris-2024 Yay Olimpiya Oyunlarının tanıtım videosu yayımlanıb.
Sonda isə olimpiya məşəli söndürülüb və bununla da yarışa yekun vurulub.
Qeyd edək ki, Azərbaycan 44 idmançı ilə qatıldığı Tokio-2020-də 3 gümüş, 4 bürünc medal əldə edib.