- Offside
- 13:25 24.11.2024
Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının Rusiyanın Ufa şəhərində keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.
Federasiyadan Corner.az-a verilən məlumata görə, bu gün böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında sözügedən ölkəyə yollanan yığmanın heyətində Nurəddin Novruzov (57 kq), Əbülfəz Nəsirov (61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Saqadulla Ağayev (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Aydın Əhmədov (125 kq) yer alıb.
Yarışın proqramına əsasən, avqustun 15-də püşkatma mərasimi keçiriləcək və sərbəst güləşçilərin ilk rəqibləri müəyyənləşəcək. Ertəsi gün Bakı vaxtı ilə saat 10:00-da 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start veriləcək. Həmin gün axşam seansında (17:00-18:30) yarımfinal görüşləri keçiriləcək. 61, 74, 86, 92 və 125 kq-da çıxış edən güləşçilər isə avqustun 17-də mübarizəyə qoşulacaq.
Qeyd edək ki, 16 - 22 avqustda təşkil olunacaq dünya çempionatında beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.