Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2021-ci il üçün təsdiq etdiyi vahid idman təqvim planına əsasən İsmayıllı rayonunda keçirilən şose velosipedi üzrə Azərbaycan çempionatı davam edir.
Federasiyadan Corner.az-a verilən məlumata görə, 2-ci yarış günündə 5 yaş kateqoriyası üzrə qrup ötüşməsinin qalibləri müəyyənləşib.
15 yaşadək qızların 30 km məsafəyə mübarizəsi 7 saylı Olimpiya Ehtiyatları Məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsilə yekunlaşıb. Bu yaş kateqoriyasında eyni məsafəyə yarışan oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ravi Rzayev finiş xəttini birinci keçib.
U17 yaş kateqoriyasında çıxış edən velosipedçilər 50 km məsafə qət ediblər və qələbəni Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Radha Şabanova ilə Hüseyn Nərimanov bayram ediblər.
Gənc qızların 50 km məsafəyə qrup ötüşməsində Respublika Olimpiya Velosiped Məktəbinin idmançısı Viktoriya Sidorenko çempionluq sevinci yaşayıb. Sonuncu yarış günündə gənc oğlanlar, həmçinin kişilər və qadınlar arasında qrup ötüşməsi üzrə ölkə çempionları müəyyənləşəcək. Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndəriləcək və toplanan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində öz əksini tapacaq.