22 oktyabr 2024. Çərşənbə axşamı

Həbib azərbaycanlı idmançıya kömək edəcək


  • Offside
  • 12:42 24.08.2021
  • Oxunma sayı: 157
Həbib azərbaycanlı idmançıya kömək edəcək

Məşhur idmançı Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnirlə bağlı mətbuat konfransı keçirilib.

Corner.az xəbər verir ki, tədbirə Həbib, sentyabrın 17-də keçiriləcək turnirin birgə təşkilatçıları olan “AMC Fight Nights” və “Eagle FC” promouter şirkətlərinin rəhbərləri, həmçinin gücünü sınayacaq idmançılar qatılıb. Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov və qarşıdakı turnirdə onunla üz-üzə gələcək Şamil Zavurov da konfransda iştirak edib.

Yüngül çəkidə UFC-nin sabiq çempionu olan Həbib də bu döyüş barədə fikirlərini açıqlayıb:

“Bir çox insanın favoriti Nərimandır. Bəli, kağız üzərində də belədir. Amma Zavurov həqiqətən də, son döyüşünə çıxan birisi kimi mübarizə aparacaq. Nərimana UFC-yə düşməkdə kömək etməyimdə heç bir problem yoxdur. Bizim döyüşçülər okeanın o tayına baxır. Bəli, biz tarix yazırıq. Amma nə etsək də, hər kəsin bir xəyalı var – okeanın o tayı. Şamillə görüş əla imkandır. İmkan olsa, mən Abbasova kömək edəcəm”.

Nəriman qarşıdakı döyüşə əlavə motivasiya ilə çıxacağını bildirib:

“Şamilə çox hörmətlə yanaşıram. Bu qarşılaşmada özümün ən yaxşı formamı yığacağam. Həbib Zavurova azarkeşlik edir. Bu, mənə əlavə motivasiya verir. Buna üzülmürəm. O, Nurməhəmmədovun dostudur. Yalnız motivasiyam daha da artır”.

Rusiyalı idmançı karyerasının son döyüşündə güclü rəqiblə qarşılaşdığını gizlətməyib:

“Karyeramı zəif rəqiblə görüşlə başa vurmaq istəmirəm. Özüm üçün UFC veteranı tapa, qələbə qazana və karyeramı bitirə bilərdim. Amma bu, düzgün deyil. Udub-uduzmağım vacib deyil. Heç kim məni zəif rəqib seçməkdə ittiham etməyəcək”.

Karyerası ərzində 26 qələbə qazanan və 3 dəfə məğlub olan Nəriman “AMC Fight Nights”-ın çempionudur. 27 yaşlı idmançıdan 9 yaş böyük olan Şamil “Eagle FC”-nın prezidentidir. Son döyüşünə çıxacaq rusiyalı 40 qələbə qazanıb və 6 məğlubiyyətlə üzləşib.







Offside