Estoniyanın Tallin şəhərində kiçikyaşı yeniyetmələr, yeniyetmə və 21 yaşlılar arasında təşkil olunan taekvondo üzrə qitə birinciliyi başa çatıb. Corner.az xəbər verir ki, Azərbaycan taekvondoçuları bu yarışı 2 qızıl, 5 gümüş və 2 bürünc medalla başa vurub.
Yeniyetmələr arasında yarışlarda Məhəmməd Həsənli (37 kq) qızıl, Hüseyn Xudiyev (65 kq), Vasif Səlimov (45 kq), İslam Əhmədzadə (53 kq), Nərgiz Kazımova (47 kq) gümüş, Zəhra İsayeva (29 kq) və İlyas Hətəmli (33 kq) isə bürünc medala sahib olublar.
Kiçikyaşlı yeniyetmələrdən isə “Əli-Mehdi” taekvondo klubunun yetirməsi olan Çingiz Həsənov (36 kq) qızıl, “Ümid” taekvondo klubunun təmsilçisi Sabir Məmmədli isə gümüş medala layiq görülüb.
Qeyd edək ki, yarışları idarə edən hakimlər arasında beynəlxaq dərəcəli hakimimiz Aygül Abdullayeva ölkəmizi layiqincə təmsil edib. Belə ki, Aygül xanım qitə birinciliyində döyüşlərdə verdiyi düzgün qərarlara görə 6 ən yaxşı hakim arasında yer alıb.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Avropa birinciliyində iştirak edən komandamız, avqustun 29-da vətənə dönəcək.