- Offside
- 13:25 24.11.2024
"Biz paralimpiadaya qalib ölkənin idmançıları kimi yollanmışdıq. Tokiodan medalsız qayıtmağa haqqımız yox idi".
Corner.az xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıdakı qarşılanma zamanı deyib.
100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşdə Britaniya təmsilçisi ilə qarşılaşdığını xatırladıb: "Həmin qarşılaşma ağır keçdi. Rəqib mənə qarşı yaxşı hazırlaşmışdı. Amma onu məğlub etdim. Daha sonra isə koreyalı paralimpiya çempionu ilə üz-üzə gəldim. Onunla görüşümüz gərgin alındı. Həmin vaxt sol ayağımın iki barmağı sındı, bunu biruzə vermədim. 8 dəqiqə güləşdik və nəticədə rəqib qalib gəldi. Daha sonra isə bürünc medal qazandım. Bu qələbəmi Ali Baş Komandana, şəhidlərimizə və qazilərimizə həsr edirəm".
Zəkiyev karyerasını bitirməyi düşünmədiyini sözlərinə əlavə edib: "Paris paralimpiadasına 3 il qalıb. Zədələrimi tam müalicə etdikdən sonra məşqlərə qoşulacağam. Dirsəyimdə də zədə var idi. Sadəcə, xoşlamıram ki, yarışdan əvvəl zədəli olduğumu deyim. Sonra bəziləri dəyəcək ki, bəhanə edir. 1 il 3 ay zədə səbəbindən tatamidən kənarda qaldım. Bu vəziyyətdə getdim və əliboş qayıtmadım".
Qızıl medal qazanan paracüdoçu Hüseyn Rəhimli (81 kq) yarışın yaxşı keçdiyini bildirib: "Mənim üçün ən çətin final qarşılaşması oldu. Həmin rəqibə daha əvvəl 3 dəfə məğlub olmuşdum. Paralimpiadada ona qələbə qazanmaq çox yaxşıdır. Əsas onunla görüşə hazırlaşırdım".(report)