25 noyabr 2024. Bazar ertəsi

Rekordçu olmaq istəyirəm - Rizvan Fərzəliyev


  • Offside
  • 18:49 01.09.2021
  • Oxunma sayı: 142
Rekordçu olmaq istəyirəm - Rizvan Fərzəliyev

Bu gün futzal üzrə Azərbaycan millisinin və “Araz”ın (Naxçıvan) kapitanı Rizvan Fərzəliyevin doğum günüdür.

Corner.az xəbər verir ki, uzun müddətdir hər iki komandanın kapitan sarğısını daşıyan 42 yaşlı futzalçı həm də avqustun 24-də özü üçün daha bir nailiyyəti rəsmiləşdirib.

Belə ki, təcrübəli Fərzəliyev həmin gün “Raba” ilə matça çıxmaqla UEFA Çempionlar Liqasında 69-cu oyununu rəsmiləşdirdi və bu göstəricidə Lusionun rekordunu təkrarladı. Kapitan futzal federasiyasının mətbuat xidmətinə açıqlamasında həmin 69 oyunun bir neçəsini xatırlamağa çalışıb:

  • UEFA Çempionlar Liqasında debüt oyunum 2003-cü ildə olub. Həmin vaxt yarış UEFA kuboku adlanırdı. AMMK-nın heyətində Latviyada “Oma” ilə matça çıxdım. Əlbəttə, ilk dəfə iştirak etdiyim turnirin həyəcanı var idi. Buna baxmayaraq, hesab yadımda qalmasa da, məğlub olmamışdıq (oyun 3:3 hesabı ilə yekunlaşıb). Qismətdən, rekordu təkrarlamağım da Latviya çempionu ilə dueldə baş tutdu.
  • 69 oyunun hər biri maraqlıdır. Xüsusi fərqləndirməyə qalsa, 2010-cu ildə UEFA kubokunun “Dördlər finalı”nda “Araz-Naxçıvan”ın heyətində bürünc medal uğrunda oyuna çıxdıq. İtaliya çempionu “Luparense” ilə matç heç-heçə başa çatsa da, penaltilər seriyasında biz dəqiq oynadıq və klub səviyyəsində ilk medalımızı qazandıq. Buna qədər keçirilmiş oyunlarda da qollar vurmuşdum. Ancaq həmin qarşılaşmada sonuncu penaltini dəqiq yerinə yetirməklə komandamıza qələbə qazandırmağın sevinci bir başqadır.
    “Barselona” ilə ilk oyunumuzu da yaddan çıxarda bilmərəm. Hər zaman böyük futbolda bu komandanın adı gələndə həyəcanlanırdıq. Bu dəfə futzalda “Barselona” rəqibimiz oldu. Məncə, klub səviyyəsində ilk sürprizim bu komandaya qarşı oynamaq oldu. Özüm də böyük futbolda “Barselona”ya simpatiya bəsləyirəm. Təsəvvür edin, belə məqamda həmin klubun futzal komandası ilə rəqib olursan.
  • “Raba” ilə görüşdən əvvəl neçə matç keçirdiyimi bilmirdim. Yalnız oyun başa çatdıqdan sonra UEFA-nın göstəricisini öyrəndim. Əlbəttə, sevindirici məqamdır. Ancaq komandamın uğuru daha önəmlidir. İstərdim ki, əsas mərhələdə də komandama kömək edim. Allah zədədən uzaq eləsin. Bu götəricini daha da yaxşılaşdırmaq arzumdur.
  • Rekordunu təkrarladığım Lusio Belçika millisinin üzvü idi. Braziliya əsilli futzalçıya qarşı oynamışam. Bu görüş 2006-cı ildə baş tutub. Oyun rəqibin 6:4 hesablı qələbəsi ilə başa çatmışdı. Onda mən “Araz-Naxçıvan”da çıxış edirdim. Elit-raundun matçı idi. Səhv etmirəmsə, Lusio artıq karyerasını başa vurub. Oktyabrda bu göstəricidə rekordçu olmaq istəyirəm.






Offside