- Offside
- 13:25 24.11.2024
Azərbaycan Gimnastika Federasiyası (AGF) 2019-cu ildə Bakıda təşkil olunacaq beynəlxalq yarışların təqvimini açıqlayıb.
Corner.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, ilə fevralın 16 - 17-də batut gimnastikası üzrə Dünya Kuboku ilə start verəcək. Martın 14 - 17-də Milli Gimnastika Arenası idman gimnastlarının sərəncamına veriləcək. Bu tarixlərdə ölkədə 4-cü dəfə idman gimnastikası üzrə Dünya Kuboku baş tutacaq.
Aprel və may ayları isə bədii gimnastların çıxışları ilə əlamətdar olacaq. 26 - 28 apreldə Dünya Kuboku, 17 - 19 mayda isə Avropa çempionatı təşkil olunacaq.
Bu il AGF ilk dəfə gimnastikanın iki növü üzrə Avropa çempionatına ev sahibliyi edəcək. 24 - 26 mayda qitənin ən güclü aerobika gimnastları Bakıya toplaşacaq.
20 - 28 iyul paytaxtda ilk dəfə daha bir mötəbər yarış - Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu festival çərçivəsində baş tutacaq idman gimnastikası üzrə yarışlar da məhz Milli Gimnastika Arenasında olacaq.
İlin son yarışı isə bədii gimnastika üzrə dünya çempionatıdır. Bakı 14 ildən sonra yenidən mundiala ev sahibliyi edərək, ən güclülərin müəyyənləşdiyi mübarizənin şahidi olacaq. Bu yarış 16 - 22 sentyabrda keçiriləcək.
Paytaxtda baş tutacaq hər 3 Dünya Kuboku, eləcə də dünya çempionatının əsas özəlliklərindən biri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır.
Qeyd edək ki, gimnastika növləri üzrə bütün beynəlxalq yarışlar Milli Gimnastika Arenasında baş tutacaq. Azarkeşlər sərfəli şərtlərlə “Mövsümi Bilet” əldə edərək, bütün beynəlxalq yarışlarını özlərinə məxsus oturacaqlardan izləyə biləcəklər.