- Offside
- 13:25 24.11.2024
Milli Paralimpiya Komitəsində (MPK) yay paralimpiya idman növləri üzrə baş məşqçilərlə iclas keçirilib.
Corner.az-ın məlumatına görə, MPK-nın baş katibi Kamal Məmmədov Tokio paralimpiadasında yaxşı nəticə göstərmiş idmançıların baş məşqçilərini komitə rəhbərliyi adından təbrik edib. Bundan sonra da onlardan yüksək nəticələr gözlənildiyi vurğulanıb.
Məmmədov bildirib ki, güllə atıcılığı, pauerliftinq, taekvondo, eləcə də lisenziya gözləntisi olan kamandan oxatma və digər idman növlərinin baş məşqçiləri növbəti yarışlara daha ciddi hazırlaşmalı və qarşılarına qoyulan vəzifələri yerinə yetirməlidir.
İclasda 2024-cü ildə Fransanın paytaxtı Paris şəhərində keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar qarşıda duran vəzifələr geniş müzakirə edilib. Eyni zamanda, baş məşqçilərə yeni idmançıların, o cümlədən Qarabağ qazilərinin cəlb edilməsi, regionlarda fəaliyyətin gücləndirilməsinə dair işlərin keçirilməsinin vacib olduğu bildirilib. Mütəxəssislər 10 gün ərzində Paris paralimpiadasına hazırlıq dövrü üçün fəaliyyət proqramını hazırlayıb komitəyə təqdim etməlidir.
İclasın nəticəsi olaraq MPK prezidenti İlqar Rəhimova Paris-2024 Yay Paralimpiya Oyunları ilə əlaqər hər idman növü üzrə baş məşqçilərin təyin edilməsi ilə bağlı təqdimat verilib.