- Offside
- 18:23 25.11.2024
"Bakıya qayıtdıqdan sonra 2-3 gün dincəldik və bu, bizə kifayət etdi. Artıq yüngül məşqlərə başlamışıq. Gələcək hədəfimiz UFC-dir. Dayanmaq olmaz".
Corner.az xəbər verir ki, bu sözləri "Report"a “Fight Nights” çempionu titulunu rusiyalı Şamil Zavurov üzərində nokautla qələbə qazanaraq qoruyan Azərbaycanın Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov deyib.
27 yaşlı idmançı hazırda məşqlərini "TT Figt Club"da məşqçi Şəhriyar Abbasovun rəhbərliyi altında davam etdirir. Məşq əsnasında qalib idmançı son döyüşü və ümumilikdə karyerası ilə bağlı digər sualları da cavablandırıb:
- Titulu qazandıqdan sonra onu 3 dəfə müdafiə etmisiniz. Hansı daha çətindir: Qazanmaq, yoxsa müdafiə etmək?
- Necə deyərlər, çempion olmaq asandır, bu adı qorumaq isə çətin. Çempion olanadək heç də hamının diqqəti səndə olmur. Çempion olduqdan sonra bütün rəqiblər səninlə döyüşlərə ikiqat hazırlaşırlar. Bu baxımdan, kəməri müdafiə etmək daha çətindir.
- Kəməri qazandınız və onu üç dəfə müdafiə etdiniz. Dörd rəqibinizdən hansını daha güclü sayırsınız?
- Rəqiblərim get-gedə güclənirdilər. Hamısı güclü idi, amma ən güclüsü sonuncu rəqibim Şamil Zavurov oldu. Zavurov MMA-da əfsanə sayılır. Həbib Nurməhəmmədovun yeznəsidir, onun komandasının kapitanı olub.
- Döyüşün gözlənildiyindən erkən bitməsini nə ilə əlaqələndirmək olar?
- Çox əziyyət çəkmişdim. Sevinirəm ki, əziyyətim yerdə qalmadı. Erkən qələbənin arxasında əziyyətlər durur. Yay boyunca gündə iki dəfə məşq etmişəm. Bu əziyyətin bəhrəsi isə asan qələbədir. Düzdür, 5 raundluq döyüşə hazırlaşmışdım. Amma bilirdim ki, rəqibi vaxtından əvvəl uda bilərəm. Qismət belə imiş ki, elə ilk raunddaca qalib gəldim. Hamı deyir ki, o səndən zəif idi. Xeyr, elə deyil. Sadəcə, mən yaxşı hazırlaşmışdım və bunu döyüş də göstərdi.
- Deyəsən, Həbib Nurməhəmmədov qohumunun belə erkən məğlubiyyətindən xeyli məyus olmuşdu...
- Əlbəttə, pis olar da... Həbib Şamilin döyüşlərinə baxaraq böyüyüb. Həm də ona böyük qardaş kimi hörmətlə yanaşır. Kimin böyük qardaşı uduzsa, yaxşı olar ki?!
- Bəlkə döyüşün dostluq şəraitində keçəcəyini və sonda qalibin hakimlərin qərarı ilə müəyyənləşəcəyini gözləyirdi?
- Bizi hərtərəfli sıxırdılar. Hakimlərin arasına erməni də salmışdılar. Təşkilatın rəhbəri başda olmaqla, hamı "stavka"nı rəqibimə qoymuşdu. Amma mən sıxılmırdım, əksinə, bunlar məni daha da motivasiya verirdi. Özlüyümdə deyirdim ki, Zavurovu udmalı, Azərbaycanın MMA-sının gücünü göstərməliyəm. Daha əvvəl də onların klubundan bir idmançını udmuşdum. Bu, 2017-ci ildə - Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədov sağ ikən baş vermişdi. İndi isə daha birini yendim.
- Ümumiyyətlə, döyüşlərə çıxarkən, vaxtından əvvəl qələbəni hədəfləyirsiniz, yoxsa bu istək görüşün gedişində yaranır?
- Bu, vəziyyətdən asılı olur. Desəm ki, həyəcanlı olmuram, xeyr, həyəcansız insan olmur. Sağ olsun, müəllimim. Şəhriyar Abbasov mənim üçün müəllimdən əlavə, böyük qardaşdır. Verdiyi məsləhətlərlə məni ruhlandırır və çıxıb döyüşlərdə özümüzü göstəririk. Sonuncu döyüş mənə 3 ay əvvəldən təklif olunmuşdu. Biz də məşqçimizlə hazırlığa başlamışdıq. Qələbə istəyi məni məşqlərə həvəsləndirirdi. Karyerama 2010-cu ildə başlamışam, 2015-ci ildə dünya çempionu olmuşam və 2016-cı ildə "AMC Fight Nights Global" ilə müqavilə bağlamışam. İlk ilimdə Qran-pridə finaladək irələmişəm və yalnız son döyüşümdə uduzmuşam. 2017-ci ildə yeni müqavilə bağladıqdan sonra isə dayanmadan 7 seriyadan, ümumilikdə isə 12 döyüşdən qələbə ilə ayrılmışam. İndiyədək 30 döyüşümün 27-də qalib gəlmişəm, 3-də isə uduzmuşam. Uduzduqdan sonra nəyinsə üzərində işləməli olursan. Məni böyük qələbələrə məğlubiyyətlər aparıb.
- UFC-də iştirak edəcəyinizi açıqlamısınız. Keçid prosesi necə gedir?
- "AMC Fight Nights Global" ilə müqaviləm bitdi. Sonuncu döyüşüm Zavurova qarşı oldu. Yaxşı qonorar qarşılığında müqaviləni uzatmağı təklif etdilər. Amma mən istəyirəm ki, Azərbaycanın UFC-də vuruşan ilk döyüşçüsü olum. Bundan ötrü ilk növbədə, ABŞ-a viza açmaq lazımdır. Gözləyirik. Yəqin ki, 2022-ci ilin fevralında UFC-də döyüşə bilərik.
- 30 döyüş keçirmisiniz və 27-də qələbə qazanmısınız. Ümumiyyətlə, döyüşlərdən sonra sizə diqqət hansı səviyyədə olur?
- Nə güclü diqqət, nə də maraq olub. Niyə yalan deyim? Dördüncü kəmərimi qazanmışam, dörd dəfə çempion olmuşam. Dörd dəfə kəmər almaq az deyil. Yəqin ki, bizi də dəyərləndirərlər. Əsas odur ki, məşqçim Şəhriyar Abbasov və xalqım mənə inanır. Bu, mənə kifayət edir.
- Niyə Azərbaycanda MMA-ya münasibət istənilən səviyyədə deyil. Bəlkə təbliğati cəhətdən problemlər var və ya bu, olimpiya növü olmadığı üçündür?
- MMA olimpiya növü olmasa da, çox populyardır, XXI əsrin idman növüdür. Gedək, yarış keçirək, görək boks və ya güləşdə, yoxsa MMA döyüşlərində zal dolacaq? Olimpiya növləri və MMA tam fərqli yarışlardır, hərəsinin öz yeri var. MMA qarışıq idman növlərindən ibarət olduğundan, yarışmaq çox çətindir. Bir var güləşirsən və ya boks işləyirsən, bir də var həm güləşir, həm də ayaq üstə döyüşürsən. Yəqin ki, dəyərləndirərlər. İdmançı əziyyətinin bəhrəsini görməyəndə həvəsdən düşür. Kənardan isə deyirlər ki, artıq bu idmançı vuruşmur. Daha fikirləşmirlər ki, idmançının əziyyətini bircə gün çəksələr, heç zala yaxın gəlməzlər. Məşqlərimizi görənlər necə əziyyət çəkdiyimizi görürlər.