Azərbaycanın yunan-Roma güləşçisi İslam Bayramov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.
Corner.az Report.az-a istinadən xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı müvafiq olaraq Yamayka, Yunanıstan və Belarus təmsilçilərinə qalib gəldikdən sonra yarımfinala yüksəlib. Finala yüksəlmək üçün o, ukraynalı Yan Beyenyuku məğlub etməlidir. Bu mərhələnin qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Bu gün mübarizə qoşulan digər iki idmançıdan 60 kq çəkidəki Murad Məmmədov təsnifat mərhələsində Qırğızıstan idmançısına uduzaraq mübarizəni dayandırıb.
Kamran Məmmədov (67 kq) isə 1/16 finalda Ermənistan təmsilçisi Karen Aslanyanı, növbəti mərhələdə ukraynalı Denis Demyankovu üstələyib. O, 1/4 finalda rusiyalı Artyom Surkova uduzub. Surkov finala vəsiqə qazanacağı təqdirdə, Məmmədov təsəlliverici görüşdə iştirak edəcək.
Qeyd edək ki, bu gün Azərbaycanın digər iki idmançısı - Rəsul Çunayev (72 kq) və Eldəniz Əzizli (55 kq) medal görüşünə çıxacaq. Əzizli qızıl medal uğrunda final qarşılaşmasında qırğızıstanlı Yolaman Şarşenbekovun müqavimətini qırmağa çalışacaq. Çunayev isə bürünc medal üçün rusiyalı Abuyazid Mantsiqov ilə güləşəcək. Daha öncə Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov (79 kq) və qadın güləşçilərdən Mariya Stadnik (50 kq) gümüş, İrina Netreba (65 kq) isə bürünc medala sahib olub.