22 oktyabr 2024. Çərşənbə axşamı

Dünya çempionatında çıxış edəcək Azərbaycan güləşçiləri açıqlanıb


  • Offside
  • 11:59 28.09.2021
  • Oxunma sayı: 189
Dünya çempionatında çıxış edəcək Azərbaycan güləşçiləri açıqlanıb

Oktyabrın 2-də Norveçin paytaxtı Osloda start götürəcək güləş üzrə dünya çempionatı üçün Azərbaycan milli komandalarının heyətləri açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) "Corner.az"a verilən məlumata görə, 9 gün davam edəcək yarışda ölkəni hər 3 güləş növü üzrə yığmalar təmsil edəcək.

Yarışın ilk günlərində baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Əfqan Xaşalov (57 kq), Kənan Heybətov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Coşqun Əzimov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və İslam İlyasov (97 kq) yer alıb.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 3 qadın güləşçi dünya çempionatına qatılacaq. Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) Osloda xalçaya çıxacaq.

Çempionatın sonlarına doğru yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) DÇ-də uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, I-S kateqoriyalı hakim Asif Şirəliyev dünya çempionatında ədaləti qoruyacaq.







Offside