25 noyabr 2024. Bazar ertəsi

Dünya çempionatından öncə formada olmadığımı düşünürdüm


  • Offside
  • 20:18 11.10.2021
  • Oxunma sayı: 159
Dünya çempionatından öncə formada olmadığımı düşünürdüm

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yeganə gümüş medal Sənan Süleymanovdan (77 kq) gəldi.

Corner.az xəbər verir ki, karyerasında ilk dəfə mundialda fərqlənən gənc güləşçi DÇ-dəki çıxışı haqqında Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib:

“Təxminən bir ay belimdəki zədəmlə bağlı məşq edə bilmədim. Hətta dünya çempionatında güləşməmək ehtimalı var idi. Çünki ciddi zədə idi. Ancaq müalicəmi davam etdirməklə yanaşı, təlim-məşq toplanışında da iştirak etdim. Hazırlıq prosesində sparrinqlər əsasən yüngül çəkili güləşçilər oldu. Dünya çempionatında finaladək ən çox çətinlik çəkdiyim qarşılaşma yarımfinal görüşüm oldu. Hesabda 5:0 öndə idim. Səhv üzündən hesab 5:4 oldu.

Əslində yarışa gələndə formada olmadığımı düşünürdüm. Ancaq mübarizəyə başladıqdan sonra çempion ola biləcəyimi anladım. Finalda 1:2 hesabıyla məğlub oldum. Nəsə çatmadı. Buna da şükür. Dünya çempionatında ilk medalımı qazandım. Ancaq qızıl olsaydı, daha yaxşı olardı.

Əvvəllər parterdə xal almağa çətinlik çəkirdim. Son bir ildə bunun üstündə çox işləyirəm. Bu yarışda da əksər xallarımı parterdən qazandım. Bu da həmin məşqlərin bəhrəsidir”.







Offside