Futzal üzrə Azərbaycan çempionu “Araz” (Naxçıvan) bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb. Corner.az xəbər verir ki, B yolunda yer alan Joze Alesio Da Silvanın komandası 6-cı qrupdakı üçüncü qarşılaşmasında Kosovonun “Liqeni” komandası ilə qarşılaşıb.
Qrupdakı ilk görüşündə Ukrayna “Uraqan”ına 1:2 hesabı ilə məğlub olan Azərbaycan çempionu ikinci oyunda Rumıniyanın “Yunayted Qalati” komandası üzərində qələbə qazanmışdı – 5:3. Növbəti mərhələ şanslarını itirən komandamız “Liqeni” ilə birlikdə qrupda 3 xalla 2-3-cü yerləri bölüşdürürdü.
Azərbaycan çempionu bu görüşdə çox yaxşı başlasa da, üstünlüyünü sonadək qorumağı bacarmayıb. Beləliklə, bu oyunda qalib müəyyənləşməyib.
6-cı qrupun oyunları Ukraynada baş tutub. Bu qrupun digər matçında növbəti mərhələyə vəsiqəni təmin etmiş “Uraqan” “Yunayted Qalati” ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
6-cı qrup
31 oktyabr
“Liqeni” – “Araz” 6:6
Qol: Şqipeon Brahimi, 12:05; 33:58. Anton Uka, 19:00-pen. Arben Şkodra, 25:54. Abril Qarsiya, 35:25. Yulian Dias, 39:07 - İsa Atayev, 6:18; 24:30. Felipinyo, 9:09. Maneka, 9:41. Ramiz Çovdarov, 11:15. David Qustavo, 22:49.
Baş hakim: Denis Kutsıy (Ukrayna).
İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.