UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün “Liqeni” ilə qarşılaşan “Araz”ın (Naxçıvan) heyətində dubl edən İsa Atayev Azərbaycan Futzal Federasiyasının rəsmi saytına müsahibə verib. Corner.az həmin müsahibəni təqdim edir:
- Dubl etdiyin oyunla bağlı hansı məqamları qeyd etmək istərdin?
- Maraqlı qarşılaşma oldu. Yaxşı başlamışdıq. Düzdür, elit-raunda çıxmaq baxımından görüş komandaların heç biri üçün əhəmiyyət kəsb etmirdi. Sadəcə, reytinq xalları qazanmaq üçün mübarizə aparırdı hər iki tərəf. Ardıcıl 4 qol vurduq, sonra bir qədər rahatlaşdıq və fərq 2 topa endi. Amma ikinci hissədə 6:2 hesabı ilə öndə olduğumuz matçı yekunda heç-heçə bitirməyimiz… Nə baş verdi anlamadım, sanki 30 dəqiqə biz oynadıq, son 10 dəqiqədə onlar bunun əvəzini çıxdılar.
- Futzalda 4 top fərqi elə də üstünlük sayılmır. Bu qədər arxayınlaşmağa əsas nə idi?
- Fikirləşdik ki, 4 top fərqi ilə irəlidəyik, yəqin yenə vuracağıq. Amma qolları tez-tez buraxdıq. Hansı ki, qalib gəlməyimiz mümkün idi.
- Elit-raunda yüksəlmək baxımından heç bir əhəmiyyət daşımaması oyuna konsentrasiyanı azaltmamışdı?
- Motivasiya baxımından mənfi təsir göstərdi. Birinci oyundakı konsentrasiya bu matçda olsaydı, bunları fərqli hesabla yenərdik.
- Kosovo çempionunun fərqli tərəfi nə idi?
- Fərdi oyunçuları seçilirdi. Driblinqləri yaxşıdır, təkbətək epizodlarda təhlükəlidirlər. Amma futzal dili ilə desək, hansısa taktikadan danışmaq yersizdir. Çox boşaldıq. Qolları buraxdıqca da, ruhdan düşdük.