26 noyabr 2024. Çərşənbə axşamı

Hər dəqiqə bizim üçün qızıl dəyərindədir


  • Offside
  • 13:16 22.12.2021
  • Oxunma sayı: 149
Hər dəqiqə bizim üçün qızıl dəyərindədir

"Nəticələr ürəkaçan olmasa da, oyunlar xeyrimizə idi".

Corner.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva yoldaşlıq görüşlərində iki dəfə Ukrayna yığmasına uduzmaları barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

- Hər iki oyun haqda matç bitdikdən sonra açıqlama vermisiniz. Soyuq başla daha hansı məqamları qeyd etmək istərdiniz?

- Nəticələr ürəkaçan olmasa da, oyunlar xeyrimizə oldu. Sonuncu dəfə apreldə rəsmi oyun keçirmişdik. Sonrakı 7 ayda komandaya bir araya toplanmamışdı. Əlbəttə, az müddət deyil. Oyundan əvvəl tam heyətlə 6 məşq keçdik. Çünki ölkə xaricində çıxış edən futzalçılarımız dekabrın 14-də Bakıya gəldilər. Çünki klubları ilə oyunları var idi. 6 məşq elə də yüksək göstərici deyil. Nəzərə alın ki, xarici klublarda çıxış edən futzalçılarımız hər biri fərqli baş məşqçinin rəhbərliyi altında fərqli üslubda oynayırlar. Onları yenidən öz sistemimizə qaytarmaq, standart vəziyyətlər zamanı tapşırıqların icrasını mənimsəmək xeyli məşq istəyir. Oyunlar göstərdi ki, çox işləməliyik. Düzdür, ilk oyunla müqayisədə ikinci matçın 1-ci hissəsində nisbətən yaxşı oynadıq. Ancaq bu yetərli deyil. Rəqibimiz də Avropanın güclü komandalarından biridir. Üstəlik, onlar bizimlə oyuna qədər İspaniya və Rumıniya yığmaları ilə üst-üstə 4 oyun keçiriblər.

- Hansı səhvlər həlledici oldu?

- Həm müdafiədə, həm də hücum planında səhvlərə yol verdik. Futzalçılar fərdi oyuna daha çox meyl edirdilər. Halbuki biz kollektiv şəkildə tapşırıqları yerinə yetirməli idik. Oyunun gedişində kollektiv oyunumuz alınmadı. Buna görə də fərdi oyuna üstünlük verdilər, nəticədə səhvlər bir-birini təkrarladı. Oyun intizamını itirdik. Ramiz Çovdarov ikinci oyuna zədəli çıxmışdı. Rövşəni də bu səbəbdən tez əvəzlədik.

Futzalçılara demişdim ki, hakimlər danışmayın. Hətta ilk matçda Bolinyaya tapşırdım ki, ehtiyatlı ol. Amma sonrası göz qabağındadır. Paltardəyişmə otağında da ilk tapşırıqlarımdan biri  bu olurdu. Ancaq meydanda emosiyaları idarə etmək bir qədər çətin olur. Bəzən nəzarəti itirirsən… Hətta oyunun bir epizodunda Rizvan qapçı formasında meydanda olduğu halda İsa  heç kimə demədən oyuna çıxdı və meydanda eyni vaxtda 6 futzalçımız oldu. Bunlar tələskənliyin nəticəsidir. Həm də tam hazır olmayaanda bu cür səhvlərdən qaça bilmirsən.

- Bu nəticələr sizin üçün nə dəcərədə gözlənilən idi?

- Gəzlənilməz oldu. Problemlərin olacağını bilirdim. Çünki uzun müddət idi oynamırdıq, buna görə də səhvlərdən qaça bilməyəcəyimizi düşünürdüm. Oyundan sonra uşaqlara bundan nəticə çıxarmalı olduğumuzu dedim. Məğlub olsaq da, hər iki görüş xeyrimizə oldu. Səhvlərimizi gördük, final mərhələsinə qədər bunu aradan qaldırmalıyıq. Futzal elə oyundur ki, taktiki tapşırıqları mənimsəmək üçün gərək mütəmadi oynayasan.

- Yanvardakı hazırlıq planı necədir?

- Uşaqlara dedim bu oyunu unudun. Qarşıdakı hər dəqiqə bizim üçün qızıl dəyərindədir. Yerli oyunçular yanvarın 5-də hazırlığa başlayacaq. Legionerlərimiz isə yanvarın 7-8-də gələcəklər. Çünki klublarında oyunlar var, ondan sonra bizə qoşulacaqlar. Niderlanda yollanmazdan əvvəl də bir yoldaşlıq oyunu keçirəcəyik. Belçika millisi ilə matçda nə qədərəcə hazır olduğumuzu görəcəyik.

- Toplanış zamanı bu heyətə əlvələr olacaq?

- Eduardo Borgez zədəli olduğuna görə bu toplanışda iştirak edə bilmirdi. Hazırda müalicə olunur. Ümid edirəm ki, həmin vaxta qədər sağalacaq və komandaya qoşulacaq. Əsas odur ki, digər futzalçılarımız da zədəsiz oyunlar keçirsinlər və son hazırlıq mərhələsinə tam heyətlə qatıla bilək.







Offside