Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə növbəti təyinat göndərib. Corner.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev yanvarın 12-də “Çağırış kuboku”nun 1/8 final matçını idarə edəcək.
Zaur Hacıyev kişi voleybolçular arasında “Episentr” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan) matçının baş hakimi olacaq. Görüşün ikinci hakimi isə türkiyəli Dəniz Dəmir olacaq.
Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman da yeni təyinat alıb. O, Polşanın paytaxtı Varşavada kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin B qrupunda mübarizə aparan “Projekt” (Polşa) – “Qrinyard” (Belçika) komandalarının görüşünə təyinat alıb. Frişman yanvarın 11-də keçiriləcək matçda supervayzer funksiyasını yerinə yetirəcək. Görüşün hakimləri çexiyalı Vlastimil Kovar və ukraynalı Mixaylo Medvid olacaq.