Təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisi dünən iki məşq keçirib. Corner.az xəbər verir ki, Belçikanın “Halle Gooik” klubunda çıxış edən Eduardo Borges də komandamıza qoşulub və hər iki məşqdə iştirak edib.
Axşam çalışmasından sonra millinin üzvü Ramiz Çovdarov federasiyanın rəsmi saytına açıqlama verib: “Yanvarın 10-dan təlim-məşq toplanışına yığışmışıq. Əslində isə məşqləri yanvarın 5-dən bərpa etmişik. Sadəcə, həmin vaxtdan Bakıda olan oyunçular hazırlıq prosesində iştirak edirdi. Plan üzrə hazırlığımız davam edir. Bəzən gün ərzində 1, bəzən isə 2 məşq keçirik. Əsas problemimiz komanda şəklində verilən tapşırıqları yerinə yetirməklə bağlıdır. Çünki bir neçə futzalçımız fərqli klublarda və üslubda oynayırlar. Qalır onların baş məşqçinin verdiklərini meydanda icra etməsi.
Düzdür, vaxtımız azdır. Ancaq hər məşqdə maksimumu etməyə çalışırıq. Digər komandalar bizdən əvvəl toplanışa başlayıblar. Bizim gecikməyimiz ölkədən kənarda çıxış edən oyunçuların çempionatlarının davam etməsi ilə bağlı oldu. Elə etməliyik ki, bir yumruq olaq, bir nöqtəyə vuraq. Belçika ilə yoxlama oyunu çox vacibdir. Bu görüş final mərhələsinə nə qədər hazır olduğumuzu göstərəcək. Belə deyək də, məşqlərimizin bəhrəsini orada görəcəyik. Hər nə qədər gec toplaşsaq da, müəyyən “axsamalar” olsa da, yaxşı nəticə qazanacağımıza ümid edirəm.
Qrupdakı rəqiblərimizə gəldikdə, bütün komandalar hazırlaşır. İspaniya və Bosniya və Herseqovina ilə yaxın 4-5 ildə qarşılaşmışıq. Gürcüstan millisi ilə əvvəlki illərdə oyunlar keçirilib. Nə ispanlar, nə də bosniyalılar yerinə sayır. Daim inkişaf edir, dəyişirlər. İspaniya millisi sonuncu Avropa və dünya çempionu olan Portuqaliya ilə iki yoxlama oyunu keçirib və qələbə qazanıb. Əlbəttə, qarşılaşmalar çətin keçəcək.
Gürcüstanla oyun daha əhəmiyyətlidir. Çünki qazanacağımız qələbə bizi əsas rəqiblərimizin birindən önə keçirəcək. Həm də start üçün 3 xal vacibdir. Düzdür, Ukrayna ilə oyunu əsas götürəcəklər. Bəlkə də fikirləşəcəklər ki, oradakı kimi oynayacağıq. Etiraf edim ki, həmin matçlara hazır deyildik. Amma indi fərqli durumdayıq.
Bosniya və Herseqovinaya gəldikdə, onlarla Bakıda qarşılaşmışıq. Qələbə qazansaq da, görüş kifayət qədər gərgin keçdi. Həm fiziki baxımdan, həm də kollektiv şəkildə güclü rəqibdir. Hələ ki diqqətimizi Gürcüstanla matça yönəltməliyik. Bu görüşdə qazanılacaq nəticə digər oyun üçün də hədəflərimizi müəyyənləşdirəcək”.