- Offside
- 23:58 22.11.2024
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.
Corner.az xəbər verir ki, yarışın ilk günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.
65 kiloda mübarizə aparan üçqat dünya, ikiqat Avropa çempionu Hacı Əliyev təsnifat mərhələsində əvvəlcə belaruslu Hüseyn Şaxbanovu, daha sonra - 1/8 finalda Ermənistan təmsilçisi Vazgen Tevanyanı məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə rusiyalı Naçin Kuları üstələyərək yarımfinala yüksəlib. Güləşçimiz 1/2 finalda Maksim Sakultan (Moldova) məğlub edərək (12:2) finala çıxıb.
O, finalda Selahəttin Kılıcsallayanla (Türkiyə) qarşılaşacaq.
70 kq.da yarışan Ağahüseyn Mustafayev isə təsnifat mərhələsində Məhəmmədrəsul Qazıməhəmmədovu (Rusiya) 5:3, 1/4 finalda başqa bir Ermənistan güləşçisi David Safaryanı 12:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, bu mərhələdə Nikolae Koyokaruya (Almaniya) qalib gəlib - 6:0. Güləşçimiz finalda Mustafa Kaya (Türkiyə) ilə qarşılaşacaq.
79 kiloda güləşən Cəbrayıl Həsənov təsnifat mərhələsində Nika Kentçadze (Gürcüstan), 1/4 finalda isə almaniyalı Franko Mario Buettneri məğlub edərək yarımfinala yüksəlib. O, bu mərhələdə Andrey Karpaçla (Belarus) qarşılaşıb və qalib gələrək finala çıxıb. Həsənov həlledici görüşdə Ahmed Hacımaqomedovla (Rusiya) üz-üzə gələcək.
57 kqda Mahir Əmiraslanov startda Moldova təmsilçisinə qalib gəlsə də, 1/4 finalda Türkiyə güləşçisinə uduzub. Ancaq rəqib finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə çıxacaq.
Püşkdə bəxti gətirməyən Nurməhəmməd Hacıyev ( 97 kq) startda olimpiya, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevlə qarşılaşıb və uduzub. Ancaq titullu rəqib finaladək irəlilədiyi üçün Hacıyev təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, final və təsəlliverici görüşləri sabah keçiriləcək.