26 noyabr 2024. Çərşənbə axşamı

Rəqib debütant olsa da ...


  • Offside
  • 21:12 21.01.2022
  • Oxunma sayı: 141
Rəqib debütant olsa da ...
"Hazırlığımız davam edir. Hər gün hansısa elementi yaxşılaşdırmağa çalışırıq. Amma bəzən bəxtsizliklə də üzləşirik”. Corner.az xəbər verir ki, bunu Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio da Silva deyib.
 
Bu gün Avropa çempionatının final mərhələsinin D qrupunun oyunlarının keçiriləcəyi “Martini Plaza”da yığmamızın çalışdırıcısı və qapıçı Emin Kürdovun iştirakı ilə mətbuat konfransı keçirilib. Baş məşqçi öncə üzləşdiyi problemlərdən danışıb: “Bu gün iki futzalçımızın – Rövşənlə Qalonun testləri pozitiv çıxdı. Ümid edirəm ki, PCR testin nəticəsi neqativ çıxacaq. Birdən-birə iki oyunçunu itirmək olmaz. Onlar ilk “beşliy”in üzvləridirlər. Heç vaxt deyə bilmərəm ki, komanda 100 faiz hazırdır. Bunun üçün uzun zaman lazımdır. Biz məşqlərə başladığımız gündən göstəricimiz artan xətt üzrə hərəkət edir. Bu gün axşam rəqibin oyununa da baxacağıq, videoanalizləri futzalçıların diqqətinə çatdıracağıq. Rəqibimiz debütant olsa da, güclü komandadır. Hazırda yaxşı vəziyyətdədirlər. Yoldaşlıq oyunlarında qazanılan qələbə onların psixoloji durumunu yaxşılaşdırıb. Ancaq unutmayaq ki, yoldaşlıq oyunları ilə Avropa çempionatının final mərhələsi fərqli yarışdır. Onlardan qorxmuruq, ancaq hörmət edirik. Ümid edirəm ki, sabah tam heyətlə zala yollanacağıq və maraqlı oyun keçirəcəyik”.
 
Emin Kürdov isə bildirib ki, pandemiya ilə əlaqədar final mərhələsinin təşkilat komitəsi necə əziyyət çəkirsə, yarışa hazırlaşan komandalar da oxşar problemlərlə qarşılaşır: “Məsələn, Belçika ilə yoldaşlıq oyununa gəldik, amma iki futzalçımızın test nümunələri pozitiv çıxdığına görə, onlar görüşdə iştirak edə bilmədilər. Bu gün isə oyunöncəsi məşqə 2 nəfər azlıqda gəldik. Ümid edirəm ki, hər iki komanda yoldaşımızn PCR testin nəticəsi neqativ olacaq. Belə bir deyim formalaşıb: “hansı komandanın immuniteti güclü olacaqsa, Avropa çempionluğunu onlar bayram edəcək. İnşallah ki, biz daha güclü olarıq. Hazırlığımız yaxşı keçir. Baş verənləri bəhanə etmək istəmirik. Çalışırıq ki, olanlar bizə psixoloji olaraq mənfi təsir etməsin. Rəqib güclü komandadır. Zəif milli bu mərhələyə yüksələ bilməz. Heyətlərində təhlükəli futzalçılar var, amma adlarını çəkmək istəmirəm”.






Offside