Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının final mərhələsində bu gün ilk Gürcüstan yığmasına qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, braziliyalı mütəxəssis 2:3 hesabıyla uduzduqları matçı belə şərh edib:
“Birinci hissədə yaxşı oynadıq. Taktiki tapşırıqları müəyyən qədər yerinə yetirdik. Hadisələr biz istəyən kimi cərəyan edirdi. Bunun nəticəsi olaraq ardıcıl 2 qol vurduq və hesabda üstünlük qazandıq. Oyunçulara dedim ki, müəyyən qədər “dincəlin”, yəni tempi aşağı salın. Çünki passivimizdəki cərimələrimiz də çox idi. Onlar da çox geri çəkildilər, “oturdular”. Bəlkə də birinci hissədə bunu başa düşmək olardı, çünki sona yaxın artıq 5 cəriməmiz var idi. Paltardəyişmə otağında tapşırdım ki, səliqəli oynayın, səhvə yol verməyin və hansı taktiki tapşırıqları yerinə yetirməli olduqlarını başa saldım. Düşünürəm ki, ikinci hissəyə çox sakit başladıq. Belə deyim də, məğlubiyyətə etdiyimiz səhvlərimiz səbəb oldu. Rəqibimiz də yaxşı oynadı.
Şanslar hələ bitməyib. Düzdür, vacib oyunda yenildik, amma qarşıda daha 2 matçımız var. Məşqlərdə səhvlərimiz üzərində işləyəcəyik. Psixoloji baxımdan da uşaqlarla söhbətlər aparmaq lazımdır. Sona qədər mübarizə aparacağıq. Əlbəttə, hər şey ancaq bizdən də asılı deyil. Gürcüstanla Bosniya və Herseqovina arasında keçiriləcək oyunun nəticəsi də çox vacibdir. Gürcülər həmin oyunda qələbə qazansa, bizim üçün çətin olacaq”.