- Offside
- 12:26 26.11.2024
"Vacib oyundur. Ağır görüş olacaq".
Corner.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Niderlandda təşkil olunan Avropa çempionatında Bosniya və Herseqovina yığmasına qarşı keçirəcəkləri D qrupunun sonuncu - III tur matçından öncə mətbuat konfransında deyib.
“Bosniya və Herseqovinanın 2 oyununu izləmişəm. Təşkilatlanmış komandadır. Əlbəttə, bizim üçün çətin bir duel olacaq. Ancaq əlimizdən gələni edəcəyik. Onlar hər iki oyunda yenilsələr də, yaxşı çıxış etdilər. Nəticə qazanmaq istəyiriksə, mütləq intizamlı, istəkli oynamalıyıq. Yəni, İspaniya millisi ilə matçdakı kimi mübarizə aparmalıyıq.
Heyətdə müəyyən dəyişiklik ediləcək. Rəqibin zəif cəhəti odur ki, kompakt oynamırlar. Biz də çalışacağıq ki, bundan istifadə edək. Yenə deyirəm, ispanlara qarşı necə oynamışıqsa, futzalçılarımdan həmin oyunu, əzmkarlığı, iradəni gözləyirəm”.
Yığmanın hücumçusu İsa Atayev isə qələbə qazanmaq üçün mübarizə aparacaqlarını söyləyib:Qələbə qazanmaq üçün mübarizə aparacağıq. Növbəti mərhələyə yüksəlmək baxımından şansımız davam edir. Düzdür, hər şey öz əlimizdə deyil. İstədiklərimizin baş verməsi üçün paralel keçiriləcək oyunda Gürcüstan millisi İspaniyanı yenməlidir. Biz üzərimizə düşəni edəcəyik.Sabah ilk dəfə oyunumuz azarkeşlərin iştirakı ilə keçiriləcək. Futzalda azarkeş önəmlidir. Futzalçıların oyuna motivasiya olması baxımından da əhəmiyyətlidir”.