Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb. Corner.az xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın bir təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov 2767 xalla 9-cu pillədəki yerini qoruyub. Siyahıda Teymur Rəcəbovun da mövqeyi dəyişməyib. 2753 xalı olan 35 yaşlı qrossmeyster 14-cü sırada qərarlaşıb.
Əvəzində 1 pillə irəliləyən Qədir Hüseynov (2661) 76-cı sıraya yüksəlib. Rauf Məmmədov isə 2656 xalla 87-ci yerdə qalıb.
Reytinqin ilk “3-lüy”ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2865 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren 2-cidir.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2470) 24-cü, Gülnar Məmmədova (2387) 66-cı, Xanım Balacayeva isə (2376) 80-ci pillədə yer alıb.