- Offside
- 12:26 26.11.2024
Marneulidə azərbaycanlı qızlardan ibarət basketbol komandası yaradılıb.
Corner.az-ın məlumatına görə, kollektiv Gürcüstanda yaşayan basketbolçu Fidan Bayramovanın təşəbbüsü ilə ötən il təsis olunub.
Hazırda Marneulidəki 8 saylı açıq tipli məktəbin 11-ci sinfində təhsil alan idmançı həmin komandanın baş məşqçisi kimi də fəaliyyət göstərir.
2018-ci ildən basketbolla məşğul olduğunu deyən Bayramova komanda yaratmaq ideyasının necə yarandığını açıqlayıb: "Yeganə məqsədim o idi ki, basketbolçu olum və Gürcüstanın milli komandasında yer alım. İki il Marneuli komandasında oynadım. Lakin komandamız pandemiya səbəbindən dağıldı. Sonra Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyevə qızlar üçün basketbol
klubunun yaradılmasını təklif etdim. Təklifimə müsbət yanaşdı və böyük məmnuniyyətlə bizə dəstək oldu. Nəticədə yalnız qızlardan ibarət 30 nəfərlik qrup yaratdım. Hədəflərimiz uşaqlara idmanı sevdirmək və Gürcüstan azərbaycanlılarının gələcəkdə nə cür uğurlar əldə edə biləcəyini bütün dünyaya göstərməkdir. İnanıram ki, məqsədlərimizə yaxın gələcəkdə nail olacağıq".
Onun sözlərinə görə, komandanın maddi-texniki problemləri Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin hesabına həll olunur: "Ancaq bizim toplara və formalara ehtiyacımız var. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bu kimi məsələlərdə Gürcüstanda yaşayan azərbaycanlılardan dəstəyini əsirgəmir. Ona görə də Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi vasitəsilə Komitə rəhbərliyinə müraciət etmək fikrindəyəm. Maddi və mənəvi dəstək görəcəyimizə şübhəm yoxdur".
Bayramova Gürcüstanda azərbaycanlı qadınların idmana marağının hədsiz dərəcədə çox olduğunu vurğulayıb: "Hər bir idman növü yalnız oğlanlar üçün nəzərdə tutulduğu üçün qadınlarımızın idmanla məşğul olmaq şansı heç vaxt olmayıb. Yaratdığımız basketbol klubu regionda yaşayan azərbaycanlı qadınlar üçün ilk dman klubudur".