Güləş üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatı start götürüb. Corner.az Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk yarış günündə 7 çəkidə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.
Medal görüşlərindən öncə çempionatın təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov uzun müddətdir güləş yarışlarının baş tutmadığını, amma artıq hər şeyin tədricən yoluna düşdüyünü bildirib: "Bu gün gənc idmançıların, gələcəyin çempionlarının yarışlarını izləyə bilirik. Çempionatın keçirilməsində əməyi olan Güləş Federasiyasına və Təşkilat Komitəsinə təşəkkürümü bildirirəm. Bütün idmançılarımıza uğurlar arzulayıram".
Daha sonra söz AGF-in vitse-prezidenti Namiq Əliyevə verilib. Federasiya rəsmisi pandemiya ilə əlaqədar bu yarışı keçirə bilmədiklərini söyəyib: "Uzun fasilədən sonra gənclərin Azərbaycan çempionatı baş tutur. Martda 23 yaşadək güləşçilərin Avropa çempionatı keçiriləcək. Bu yarışda çempion olan güləşçilərin əksəriyyəti qitə birinciliyində ölkəmizi təmsil edəcək. Paris-2024 Yay Olimpiya Oyunlarına demək olar ki, 2 il vaxt qalıb. Bu çempionatın qaliblərinin ölkəmizi Paris-2024-də təmsil etmək şansları yüksəkdir. Bu səbəbdən gənclərin Azərbaycan çempionatının bizim üçün böyük əhəmiyyəti var. Yarışımıza təşrif buyurduğu üçün cənab nazirə təşəkkürümü bildirirəm".
Federasiya rəsmisi yarışı açıq elan etdikdən sonra dövlət himni səsləndirilib və açılış mərasimi başa çatıb.