"Azərbaycan birinciliyində hakimlik çox gözəl və yüksək səviyyədə oldu. Ümid edirəm ki, yarışda ədaləti qoruyan referilər ölkəmizi xaricdə də layiqincə təmsil edəcəklər”. Corner.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə beynəlxalq dərəcəli 1 ulduz hakim Anar Nağdıyev deyib.
Gənc boksçular arasında Azərbaycan birinciliyinin ən yaxşı hakimlərindən biri seçilən ədalət təmsilçisi yarışın yüksək səviyyədə keçdiyini bildirib. Onun sözlərinə görə, gərgin rəqabət səbəbindən bəzi görüşlərdə qərar verməkdə tərəddüd etdiyi döyüşlər də olub: “Buna yarımfinal və final qarşılaşmalarını aid etmək olar. Demək olar ki, eyni səviyyəli boksçular idi. Əsas odur ki, döyüşlərin gedişatı və zərbələrin sayları bir balaca üstün olduğu boksçuları fərqləndirə bildik. Mən 16 görüşdə rinq, 62 döyüşdə yan hakimlik etdim. Yarış çox gözəl, səhvsiz keçirildi. Yaxşı perspektivli boksçular var. Ümid edirəm ki, bu uşaqlar gələcəkdə Azərbaycanın idman şərəfini beynəlxalq arenada uğurla qoruyacaqlar”.
Birinciliyin digər ən yaxşı hakimi Rövşən Qədirov da yarışın yüksək səviyyədə və səhvsiz keçdiyi qənaətindədir. Kişi boksçular arasında da ən yaxşı referi seçilən ədalət təmsilçisi bildirib ki, əsas hədəfi beynəlxalq yarışlarda da bu uğuru təkrarlamaqdır: “Ötən ilin sentyabrında Ukraynanın Odessa şəhərində beynəlxalq dərəcəli bir ulduz hakim statusu almışam. İmtahanda ölkəmizi layiqli təmsil edərək, buna nail oldum. Kişilər arasında ölkə çempionatı, ardınca gənclər arasındakı birincilikdə ən yaxşı hakim seçilməyimdə federasiya rəhbərliyinin böyük əməyi var. Çalışacağam ki, təyinat alacağım halda Avropa, dünya çempionatlarında, həmçinin Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edim və mənə bələnilən ümidləri doğruldam. Birinciliklə 8 döyüşdə rinq, 30-da yan hakim oldum. Onlar arasında final döyüşü də vardı. Ən yaxşı hakim seçildiyim üçün federasiyaya minnətdarlığımı bildirirəm”.
Birinciliyin ən yaxşı adını qazanan məşqçilərdən biri – Elbrus Rzayev də yarışdakı boksçuların böyük perspektiv vəd etdiyini vurğulayıb. Onun sözlərinə görə, turnirdə fərqlənən idmançılar gələcəkdə beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmək gücündədir.
Sumqayıt şəhər komandasının baş məşqçisi, eyni zamanda “Təhsil” Respublika İdman Mərkəzinin məşqçisi kimi çalışan mütəxəssis bildirib ki, əsas məqsədi Azərbaycan boks ailəsinə faydalı olmaqdır: “Yarışda 10 boksçu ilə təmsil olunurduq. Seçimləri şəhər birinciliyinin nəticəsinə əsasən aparmışdıq. Birinciliyin hazırlığına 2 ay öncədən başlamışdıq. Yaxşı təlim-məşq toplanışı keçmişdik. Bunun bəhrəsini də gördük. Komandamızın üzvlərindən 5-i finala yüksəldi. Onlardan 4-nün şəxsi məşqçisiyəm. Sumqayıt komandasında Kamil Babayevlə (48 kq) Kamil Babayev (54 kq) çempion adını qazandı, Elgün Babayev (51 kq), Nadir Məlikov (57 kq) və Elay Səmədov (86 kq) isə ikinci yeri tutdu. Bu qələbəyə görə çox sevinirəm. Bu, tək mənim deyil, Sumqayıt boks məktəbinin qələbəsidir”.
Qeyd edək ki, Azərbaycan birinciliyində respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 oğlan boksçusu qüvvəsini sınayıb.