Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət milli komandası İspaniyanın Fuenqirola şəhərində keçirilən “Açıq Avropa” turnirində daha 7 medal qazanıblar.
Corner.az xəbər verir ki, yarışın ikinci günündə yeniyetmə oğlanlar arasında -73 kq çəki dərəcəsində keçirilən final görüşü Azərbaycan idmançılarının mübarizəsindən ibarət olub. Belə ki, Əli Hacızadə və Süleyman Əliyev bütün rəqiblərinə qalib gələrək finalda qarşılaşmaq hüququ qazanıblar. Finalda da qalib gələn Süleyman Əliyev qızıl, Əli Hacızadə isə gümüş medal qazanıb.
-81 kq çəki dərəcəsində mübarizə aparan Camal Baxışov bürünc medal qazanıb. -90 kq-da yarışan Məhəmməd Paşayev isə təsəlliverici mərhələdə digər Azərbaycan təmsilçisi Tamerlan Cabbarova qalib gələrək bürünc medala sahib çıxıb.
+90 kq çəki dərəcəsində mübarizə aparan Zaur Sarıoğlu ispaniyalı rəqibi Rodriqo Qarsiyaya qalib gələrək bürünc medal qazanıb. Eyni çəki dərəcəsində yarışan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək finala çıxıb. O, yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib.
Yeniyetmə qızlar arasında -57 kq çəki dərəcəsində yarışan Fidan Əlizadə bürünc medal uğrunda görüşdə İngiltərədən olan Xloe Linkə qalib gələrək yarışı 3-cü yerdə başa vurub.
Beləliklə, Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası “Açıq Avropa” turnirində ümumilikdə 15 medal (5 qızıl, 3 gümüş, 7 bürünc) qazanıb. İlk yarış günündə idmançılarımız 8 medal qazanmışdılar. Yeniyetmə cüdoçularımız bu nəticə ilə “Açıq Avropa” turnirində komanda hesabında 1-ci yeri tutublar.
Oğlanlar
-50 kq
Qızıl medal - Məhəmməd Məmişov
Bürünc medal - Xalid Məmmədov
-55 kq
Qızıl medal - Məhəmməd Musayev
Bürünc medal - Xanəhməd Şərifov
-60 kq
Qızıl medal - Nizami İmranov
-66 kq
Qızıl medal - Nicat Nağıyev
-73 kq
Qızıl medal - Süleyman Əliyev
Gümüş medal - Əli Hacızadə
-81kq
Bürünc medal - Camal Baxışov
-90 kq
Bürünc medal - Məhəmməd Paşayev
+90 kq
Gümüş medal - Ramazan Əhmədov
Bürünc medal - Zaur Sarıoğlu
Qızlar
-44 kq
Gümüş medal - Xumar Qasımzadə
-52 kq
Bürünc medal - Fidan Qasımova
-57 kq
Bürünc medal - Fidan Əlizadə