Bu gün Azərbaycan Triatlon Federasiyasının açıq konfransı keçirilib. Corner.az xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev bu idman növü üzrə təşkilatın yaxın illər üçün formalaşdırılmış strategiyası haqqında danışıb.
Onun sözlərinə görə, yaxın illərdə triatlonun Azərbaycanda ən populyar idman növlərindən biri olmaq potensialı vardır və artan maraq belə nikbin proqnoz verməyə imkan verir. Əliyev çıxışında qeyd edib ki, federasiyanın yeni komandası bu idman növünü üç istiqamətdə inkişaf etdirmək niyyətindədir. Belə ki, triatlona Azərbaycanda həm peşəkar, həm də həvəskar idman növü kimi xüsusi diqqət yetiriləcək. Bununla yanaşı xalqımzın, xüsusən də yetişən nəslin sağlamlığının qorunması üçün triatlona kütləvi idman növü kimi də dəstək veriləcək.
Federasiya prezidenti həmçinin 2022-ci ildə nəzərdə tutulmuş idman yarışları haqqında məlumat verib. 25 sentyabrda ilk dəfə olaraq triatlon üzrə Azərbaycan açıq çempionatı, 1-2 oktyabrda isə Qarabağda Anım Gününə həsr olunmuş idman turniri keçiriləcək.
Tədbirdə Federasiyanın rəhbərliyi, idmançılar, məşqçilər eləcə də ölkənin idman ictimaiyyəti iştirak edib. Həmçinin federasiyanın rəsmi veb-saytının təqdimatı keçirilib, idmançılar mükafatlandırılıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Triatlon Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində Agentliyin əməkdaşları federasiyanın dəstəyi ilə triatlonla məşğul olacaq və onlar üçün müxtəlif formatlı korporativ idman yarışları təşkil ediləcək.