26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycanda cüdonun yaradılmasının yubileyi qeyd olunacaq


  • Offside
  • 01:18 27.02.2022
  • Oxunma sayı: 159
Azərbaycanda cüdonun yaradılmasının yubileyi qeyd olunacaq
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli və baş katibi Rəşad Rəsullu Beynəlxalq Cüdo Federasiyasının (BCF) Budapeşt şəhərində yerləşən mənzil-qərargahında adıçəkilən təşkilatın baş direktoru Vlad Marinesku ilə görüş keçiriblər.

Corner.az xəbər verir ki, qonaqları salamlayan Vlad Marinesku Azərbaycan kimi dünyanın aparıcı cüdo ölkəsinin təmsilçilərini BCF-in mənzil-qərargahında salamlamaqdan böyük məmnunluq duyduğunu bildirib və qeyd edib ki, BCF-in ACF ilə çoxillik əməkdaşlığı mövcuddur. Belə ki, 2009-cu ildən etibarən Azərbaycanda demək olar ki, hər il BCF-in aparıcı turnirlərindən biri təşkil edilib. BCF həmçinin Azərbaycanda cüdonun inkişafı ilə bağlı müəyyən layihələrə də dəstək verib. O, görüşün dünya cüdo ailəsinin dəyərli təmsilçisi olan Azərbaycanda cüdo idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətini vurğulayıb. 
 
Elnur Məmmədli isə öz növbəsində dünya cüdosunun əsas mərkəzində olmaqdan və görüş üçün imkanın yaradılmasından məmnuniyyətini ifadə edib. O, görüş nəticəsində təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu bildirib.
 
Daha sonra BCF və ACF arasında əməkdaşlıq imkanları, Azərbayvanda cüdo idman növünün inkişafı istiqamətində birgə layihələr və BCF-in malik olduğu geniş təcrübənin Azərbaycanda tətbiqi məsələləri müzakirə edilib. ACF rəsmiləri tərəfindən Azərbaycanda cüdonun populyarlaşdırılması və kütləviləşdirilməsi ilə bağlı həyata keçirilən və planlaşdırılan tədbirlər barədə məlumat verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
 
Cüdonun idman növü kimi inkişafında ən açar rol oynayan məşqçilər heyətinin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində qarşılıqlı əməkdaşlıqda artıq real addımların atıldığı vurğulanıb. Belə ki, BCF-in nəzdində olan Akademiya ilə əməkdaşlıq çərçivəsində 50-yə yaxın yerli məşqçi cari ilin mart ayından etibarən Akademiyada təhsil almağa başlayacaqlar. BCF-in Akademiyası ilə əməkdaşlıq istiqamətində növbəti addımlar, xüsusilə də hakimlər heyətinin təhsili üzrə layihə müzakirə edilib.
 
Cüdonun uşaqlar və gənclər arasında təbliğatı məqsədi ilə BCF-in “Məktəblərdə Cüdo” layihəsinin Azərbaycanda həyata keçirilməsinin vacibliyi vurğulanıb. Cüdonun gənc nəslin fiziki sağlamlığı ilə yanaşı, təhsil və təlim-tərbiyəsində də mühüm rol oynadığı qeyd edilib.

Görüş zamanı 04-06 noyabr 2022-ci il tarixlərində Bakıda keçiriləcək “Böyük Dəbilqə” yarışının yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə edilib. 
 
2022-ci ildə Azərbaycanda cüdo idman növünün yaranması və inkişafının 50 illiyinin və ACF-in fəaliyyətinin 30 illiyinin qeyd ediləcəyi vurğulanıb və bununla bağlı birgə tədbirlərin keçirilməsi qərara alınıb. 
 
Bundan başqa, BCF-in cüdonun rəqəmsallaşdırılması sahəsində malik olduğu geniş təcrübənin ACF tərəfindən tətbiqi məsələləri, həmçinin azərbaycanlı mütəxəssislərin BCF-in müxəlif komitələrində təmsil edilməsi imkanları istiqamətində də fikir mübadiləsi aparılıb və növbəti addımlar müəyyən edilib.






Offside