- Offside
- 21:13 10.12.2025
FİFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.
Corner.az xəbər verir ki, buna səbəb olaraq Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü göstərilib.
Rusiya millisi DÇ-2022-nin pley-off mərhələsində oynaya bilməyəcək və bununla da Qətərdə təşkil olunacaq mundialı buraxacaq.
Eyni zamanda Moskva “Spartak”ı Avropa Liqasının 1/8 final mərhələsində Almaniya “Leypsiq”i ilə qarşılaşmalarda iştirak etməyəcək. Bundesliqa təmsilçisi oynamadan növbəti mərhələyə yüksələcək.
Martın 24-də Rusiya millisi DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off turnirinin yarımfinalında Polşa yığması ilə Moskvada oynamalı idi. Digər yarımfinalda isə İsveç və Çexiya komandaları qarşılaşacaq. Turnirin qalibi noyabrın 21-dən dekabrın 18-nə qədər Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.
Rusiyanın qadınlardan ibarət komandası isə iyulun 6-dan 31-dək İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak etməli idi.