31 oktyabr 2024. Cümə axşamı

Ukraynada baş verənlərə heç kim inanmır


  • Offside
  • 17:57 06.03.2022
  • Oxunma sayı: 140
Ukraynada baş verənlərə heç kim inanmır

"Ölkəmdə baş verənlərə heç kim inanmır".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Anastasiya Bayduk ölkəsi Ukraynada gedən müharibə barədə danışarkən deyib.

23 yaşlı hücumçu fikrini oyuna cəmləməkdə çətinlik çəkdiyini bildirib: "Çünki hər səhər yuxudan oyananda, məşqdən əvvəl və ya sonra Ukraynada baş verənləri izləyirəm. Voleybol mənim işimdir. Ona görə də bu müharibənin mənə təsir etdiyini mümkün qədər az göstərməyə çalışıram. Təəssüf ki, Macarıstanda bu barədə Polşadakı qədər danışılmır. Polşalıların bizə bu qədər kömək etmələri məni yaxşı mənada təəccübləndirdi.Bilmirəm, belə bir imkanları olsaydı, gedərdilərmi. Amma belə alternativ yox idi. Səhər saat 5-də anamın göz yaşları içində mənə zəng edərək müharibənin başladığını, bizi Krımdan ayıran o şəhərlərin artıq olmadığını dediyi anı heç vaxt unutmayacağam. Dəhşətlidir, hətta mülki şəxslərin belə, xilas olmaq üçün heç bir yolu yoxdur. İndiyədək ailəmlə əlaqə nisbətən yaxşı idi. Son iki gündə şəhərdə şəbəkə bağlanıb, əlaqə saxlamaq mümkün deyil. Televiziyada ancaq Rusiya kanalları yayımlanır. Bu, heç vaxt hazır olmadığımız vəziyyətlərdən biridir. Elə bilirdik ki, belə bir dövrdə müharibə mümkün deyil. İkinci Dünya Müharibəsindən sonra hamı "bir daha belə şey olmasın" deyə təkrar edirdi. 2014-cü ildəki vəziyyətdən sonra Rusiyanın müharibəyə başlayacağından qorxduq, amma sonadək hər şeyin danışıqlar yolu ilə həll olunacağına ümid etdik. Sonradan məlum oldu ki, bu, belə deyil.Hamının bildiyi kimi, Rusiya Krımı 2014-cü ildən ilhaq edib, ona görə də ruslar ora çox sürətlə köçə biliblər. Lakin son günlərdə sübut etdik ki, bura Ukrayna şəhəridir. Mən də ukraynalı olduğum üçün bu insanlarla eyni fikirdəyəm. Bildiyimə görə, bütün Ukraynada vəziyyət pisdir. Amma şərqdəki sərhəd şəhərlər və göydən raketlər düşən Kiyev daha çətin durumdadır. Hamımız ümid edirik ki, müharibə mümkün qədər tez bitəcək.Azərbaycana səfər əvvəlcə klub karyeramı davam etdirməklə bağlı idi. Mənə bu ölkəni beynəlxalq arenada təmsil etmək şansı verildi və idman baxımından onlara çox minnətdaram. Məncə, deyiləcək bir şey yoxdur. Bu qərarı 15 yaşım olanda verdim, hələ uşaq idim. Ukrayna mənim vətənimdir və karyeramı bitirdikdən sonra ora qayıtmaq istərdim. Ölkəmə mümkün qədər tez-tez getməyə çalışıram. Keçən il Azərbaycanda oynamışam. Oyunlar yanvarda başa çatdı və mən milli komandanın matçlarınadək orada qaldım. Adətən, yayda, Yeni il və ya Milad ərəfəsində Ukraynada oluram".

Qeyd edək ki, Anastasiya Bayduk hazırda Macarıstanın "Dioşdyor" klubunda çıxış edir.







Offside