Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF və AFFA-nın təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “3x3 Qızlar turniri” keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman zalında təşkil olunan turnirdə 3 yaş qrupu üzrə 30 komanda mübarizə aparıb və ümumilikdə 120 qız futbolçu iştirak edib.
Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvləri Manə Mollayeva, Firəngiz Teymurova və Günay İsmayılovanın qonaq qismində iştirak etdiyi turnirdə komandalara AFFA və UNİCEF tərəfindən idman geyimi, inventar və hədiyyələr təqdim edilib. Həmçinin hər üç yaş qrupu üzrə ilk üç yeri tutan komandalara diplom və medallar, qalib komandaya isə kubok verilib.
2005-2007-ci il təvəllüdlü yaş qrupu üzrə turnirin qalibi “Neftçi PFK-1” olub. İkinci və üçüncü yeri isə müvafiq olaraq “Filiz”” və “Gənclər FM-2” komandaları tutub. “Bakinka-1” komandası 2008-2009-cu il təvəllüdlü yaş qrupunun qalibi olub. “Baku Sporting - 1” II, “Əhmədli Yunayted -1” isə III yeri tutublar. 2010-2011-ci il təvəllüdlülərin yarışında isə “Əhmədli Yunayted-3” komandası qalib adını qazanıb. “Xəzər – 2”, “Xırdalan City - 3” sonrakı pillərlərdə qərarlaşıblar.
“3x3 Qızlar turniri”ndə ən yaxşı qolun müəlllifi 2005-2007-ci il təvəllüdlü yaş qrupu üzrə Ayşən Salamzadə (Neftçi PFK-2), 2008-2009-cu il təvəllüdlü yaş qrupu üzrə Aysu Əsədova (Bakinka-1), 2010-2011-ci il təvəllüdlü yaş qrupu üzrə isə Xədicə Rəhimova (Əhmədli Yunayted-3) olub.
3x3 Qızlar turnirində 2005-2007-ci il təvəllüdlü yaş qrupu üzrə Fatimə Əhmədova (Neftçi PFK-2), 2008-2009-cu il təvəllüdlü yaş qrupu üzrə Kamilla Musanəbiyeva (Bakinka-1), 2010-2011-ci il təvəllüdlü yaş qrupu üzrə isə İ. Zəhra (Baku Sporting-3) Fair-play mükafatına layiq görülüb. “Bakinka-1” komandasının 2009-cu il təvəllüdlü üzvü Aylin Kərimova 9 qolla turnirin bombardiri olub.