Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb. Corner.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə millimizin 4 üzvü çıxış edib.
Mübarizəyə 1/4 finaldan qoşulan Ziya Babaşov (63 kq) israilli Abere Feteneyə 9:2 hesabıyla qalib gələrək yarmfinala yüksəlib. Ziyanın yarımfinalda rəqibi bolqar İlya Mustakov olub. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən Babaşov rəqibi üzərində 6:1 hesablı inamlı qələbə qazanaraq Avropa çempionatının finalına adlayıb. Ziya martın 8-də həlledici görüşdə gürcü Giorgi Şotadzeylə qarşılaşıb. Rəqibinə 0:3 hesabıyla uduzan Babaşov Avropa çempionatının gümüş medalına sahib çıxıb.
Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqar Martin Dimitrovu tam üstünlüklə məğlub edib - 9:0. Həmyerlimiz 1/4 finalda macar Kriştofer Klanyiyə də heç bir şans tanımayaraq (7:0) adını yarımfinala yazdırıb. Xasay yarımfinalda serbiyalı Aleksa İliçlə üz-üzə gəlib. Rəqibini 5:1 hesabıyla xalçadan məyus yola salan Həsənli finala yüksəlib. Güləşçimiz martın 8-də qızıl medal uğrunda gürcü Davit Soloqaşviliylə mübarizə aparıb. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən həmyerlimiz görüşün taleyini elə ilk hissədə həll edib. Rəqibinə 10:0 hesablı tam üstünlüklə qalib gələn Xasay Avropa çempionu olub.
Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla bacarmayıb - 2:10. Ancaq rəqib finaladək irəlilədiyi üçün Laçın martın 8-də türk Muhutdin Sarıçiçeklə təsəlliverici görüşə çıxıb və qarşılaşmadan qalib ayrılıb - 7:5. Həlledici görüşdə erməni Gevorq Tadevosyanla üz-üzə gələn Vəliyev gərgin mübarizə şəraitində keçən bu qarşılaşmanı da öz hesabına yazaraq (6:5), Avropa çempionatının bürünc medalını əldə edib.
Sərxan Məmmədov (130 kq) da mübarizəyə 1/4 finaldan qoşulub. Pəhləvanımız çexiyalı Marsel Albini üzərində qazandığı inamlı qələbəylə (13:5) yarımfinala vəsiqə əldə edib. Sərxan finala çıxmaq uğrunda türk Fatih Bozkurtla qüvvəsini sınayıb və görüşdən məğlub ayrılıb - 6:13. Məmmədov martın 8-də yunan Nikolaos Ntuniasla üçüncü yer üçün güləşib. Rəqibini 6:1 hesabıyla üstələyən pəhləvanımız bürünc medalı boynundan asıb.
Beləliklə, yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatının 2-ci gününü 4 (1 qızıl, 1 gümüş və 2 bürünc) medalla başa vurub.