Sambo üzrə Ukrayna çempionu Artyom Priymenko ailəsi ilə birlikdə həlak olub. Corner.az xəbər verir ki, bu barədə məşqçi Yevgeni Leonenko sosial şəbəkə hesabında məlumat yayıb.
O, Rusiya qoşunlarının Sumı şəhərindəki yaşayış binalarına aviazərbələr endirməsi nəticəsində 16 yaşlı idmançının atası, anası, nənəsi və iki kiçik qardaşı ilə birlikdə öldüyünü bildirib.
Rusiyanın hərbi müdaxiləsi nəticəsində kikboksinq üzrə Ukrayna çempionu və Dünya Kubokunun gümüş mükafatçısı Yevgeni Zvonyuk da dünyasını dəyişib. Bu barədə Ukrayna İdman Komitəsinin mətbuat xidməti məlumat yayıb. Onun Çerniqov şəhərindəki atışma nəticəsində şəhid olduğu diqqətə çatdırılıb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.