Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona yaxınlaşır. Corner.az xəbər verir ki, qitə birinciliyinin 6-cı günündə son 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.
Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə erməni Menua Yaribekyana heç bir şans tanımayıb - 12:2. Hacıyev 1/4 finalda avstriyalı Simon Marçl ilə gərgin keçən görüşdən də qalib (4:3) ayrılıb. Cəbrayıl yarımfinalda türk İsmet Çiftçini üstələyib - 7:3. Təmsilçimiz finalda rumıniyalı Kriştian Büro ilə qarşılaşacaq.
Abubakr Abakarov (86 kq) startda bolqar Xristo İliyevə vaxtından əvvəl qalib gəlib - 10:0. Abakarov 1/4 finalda Fransa təmsilçisi Raxim Maqamedovdan güclü olub 6:0. Abubakr yarımfinalda türk Emre Çiftçiyə tam üstünlüklə qalib gəlib - 14:2. Milli üzvü həlledici görüşdə moldovalı Lilian Balanla üz-üzə gələcək.
Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə alban Emiyano Onuziyə vaxtından əvvəl qalib gəlib - 10:0. Ancaq həmyerlimiz 1/4 finalda gürcü Daviti Koquaşviliylə bacarmayıb - 2:13.
Mübarizəyə 1/4 finaldan qoşulan Aydın Əhmədov (125 kq) erməni Hovannes Maqakyanı xalçadan məyus yola salıb - 5:1. Pəhləvanımız yarımfinalda gürcü Solomon Manaşviliylə məğlub olub - 5:9. Aydın bürünc medal uğrunda Yunanıstanı təmsil edən Azamat Xosonovla mübarizə aparacaq.
Medal görüşləri martın 13-də keçiriləcək.