27 noyabr 2024. Çərşənbə

Bir futbolçunun maaşını voleybol klubuna versinlər


  • Offside
  • 16:03 16.03.2022
  • Oxunma sayı: 162
Bir futbolçunun maaşını voleybol klubuna versinlər

Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayevin müsahibəsi

"Yeganə idman növüyük ki, 9 komanda ilə ölkə çempionatı keçiririk"

- "Sehrli xalat" filmində olduğu kimi, XXI əsrin ilk illərinə səyahət etdikdə böyük uğurlar, nailiyyətlər görürük. Amma hazırda bu sahədə vəziyyətin elə də ürəkaçan olmadığını nəzərə alaraq, gələcəyə səyahət etsək, nələrə şahidlik edə bilərik?

- Sizinlə tam razıyam, çox düzgün sualdır. Bu uğurların hamısı geridə qalıb. İnsan keçmişlə yaşamamalıdır. Keçmiş insanın daxilində, yaddaşındadır. Amma insanın öz həyatı və ölkəsi üçün qurduğu proqramlar tam fərqlidir. Voleybolun inkişafından danışırıqsa, ilk növbədə, klubları bərpa etməliyik. Hazırda ölkə xaricində çıxış edən oyunçuları Azərbaycana necə qaytarmaq olar? Bu barədə düşünməliyik. Voleybolçular qayıtmasalar, klublar bərpa olunmasa, Azərbaycandakı voleybolu necə qaldırmaq olar?

- 2021-ci il noyabrın 26-da AVF-nin hesabat-seçki konfransı keçirildi və Cavid Qurbanov yenidən federasiya prezidenti seçildi. Qurum olaraq, qarşıdakı müddət üçün konkret hansı hədəfləriniz var?

- 2 ildən çoxdur ki, bizdə gərginlik var. Pandemiya bütün Azərbaycan idmanına təsir edib. Lakin artıq hər şey geridə qalıb və gələcəyə baxırıq. Ötən il dekabrın 17-dən kişi və qadınlar arasında Azərbaycan çempionatına başlamışıq. Yeganə növük ki, çətin də olsa, 9 komanda ilə ölkə çempionatı keçiririk. Klublardan 5-i kişilər arasında Yüksək Liqada, 4-ü qadınlar arasında Superliqada mübarizə aparır. Növbəti ilə hazırlaşırıq. Yeni gənclər və idman naziri Fərid Qayıbov işə başlayıb və onunla görüşlərimiz olur. Heç olmasa, bir qadın və bir kişi komandamızın avrokubokda oynamasını istəyirik. Bu gün şəraitin necə olduğunu bilirsiniz. Azərbaycan MDB ökələri arasında voleybolda nə isə edə bilər. Çünki aparıcı qadın voleybolçularımızın hamısı xaricdə oynayır. Onları qaytarmağın və klubları bərpa etməyin üzərində işləyirik. Yəqin ki, yaxşı olacaq. Nazirlə və Milli Olimpiya Komitəsi (MOK) ilə görüşlərimiz belə qənaətə gəlməyimizə əsas verir.

- Çempionatın gedişindən razısınız?

- Pandemiyadan yenicə çıxmağa başladığımızı nəzərə alsaq, bəli. Əlbəttə, səviyyədən razı deyiləm. O mənada ki, xarici klublarda çıxış edən qadın voleybolçularımız gəlsəydilər, səviyyə artardı. Amma o zaman bu qədər gənc oyunçu ortaya çıxmazdı. Superliqadakı son qarşılaşmalara nəzər salaq: "Abşeron", "Azerreyl" və "Murov" arasındakı matçlar gərgin keçir. Görüşlər 3:2, bəzən 3:1 hesabı ilə bitir. Oradakı oyunçuların 90-95 faizi Azərbaycan qızlarıdır. Biz pandemiya üzündən iki il geri düşdük. Amma Azərbaycanda olan qızlar böyüməyə başladılar. Növbəti il xaricdəki oyunçularımız və ölkələri sanksiyaya məruz qalmış belaruslu və rusiyalı, həmçinin ukraynalı oyunçularla danışıqlar aparıb gətirə bilsək, hər klubda 2-3 legioner yer alacaq. Bunu isə müsbət hal saymaq olar.

"Hazırkı klubların büdcələri əvvəlkilərdən 10 dəfə, 20 dəfə azdır"

- Ümumiyyətlə, voleybolda legioner limiti barədə fikirləriniz necədir?

- Türkiyə çempionatlarını hamınız izləyirsiniz. Basketbol, həndbol və voleybolda hər kluba 3 legionerlə çıxış etməyə icazə verilib. Buna görə onlarda səviyyə qalxıb. Klublarımızda 3 legioner olsa, görərsiniz, bizdə də səviyyə necə qalxacaq. Bu, bir sistemdir. Hamı sistemdən danışır. Xatırlayırsınızsa, ilk dəfə ölkə çempionatında xarici oyunçularla bağlı limiti sərbəst buraxmışdıq. Həmin vaxt Superliqada "Rabitə", "Azerreyl", "Azəryol" klubları mübarizə aparırdı. O vaxtlar mənə sual vermişdiniz ki, bu, nə vaxtadək belə davam edəcək? Cavabım "Gözləyin" olmuşdu. Birdən-birə qərar çıxdı ki, meydanda yalnız 3 əcnəbi oynaya bilər. Başqa sözlə, 6 klubun əsas heyətlərində 3 legioner, 3 azərbaycanlı yer alırdı. Bu isə ümumilikdə 18 legioner və 18 yerli voleybolçu edirdi. Yerlilər milli komandaya cəlb olundular. Legionerlər isə dünya səviyyəsində voleybolçular idilər. ABŞ, Niderland, İtaliya kimi ölkələrdən gəlmişdilər. Ölkə çempionatının səviyyəsi yüksək olmalıdır ki, durğunluq baş verməsin. Yığma komandanın oyunçuları federasiyaya bağlı olmalı və burada oynamalı, klublar yaradılmalıdır.

- Klubların kəmiyyət və keyfiyyətcə artımını yenidən əvvəlki səviyyədə etmək mümkündürmü?

- Bunu qarşımıza məqsəd qoymuşuq. Klublar yaransın, bizim qızlar qayıtsın, ölkə çempionatının səviyyəsi yüksəlsin. Ondan sonra lazımdırsa, biz klublara icazə verək ki, hərəsi 3 yox, 2 əcnəbi cəlb edə bilsinlər. Belə etsək, yenə azarkeşlər oyunlara gələcək, yenə avrokuboklarda mübarizə aparacağıq. Bunu ancaq belə sistemlə düzəltmək olar. Kişilərin yarışında da həmçinin. Yüksək Liqada gənc və istedadlı voleybolçular var. Onları da bu sistemlə böyütmək olar. Uzağa getməyək, Türkiyəni misal göstərək. Qardaş ölkədə 12 klub var ki, hərəsində 3 yerli oyunçu əsas heyətdə çıxış edir. Bu isə milli komanda üçün 36 voleybolçu edir. Amma bu gün futbolda demək olar ki, limiti sərbəst buraxıblar, Türkiyənin hər klubuna 14 legioner sifariş etməyə icazə verilib. Hər oyuna onlardan 8-i çıxa bilər. Yəni, türkiyəli futbolçular, demək olar ki, oynamırlar. Amma voleybolda 6 kişi və eyni sayda qadın komandası düzəltsək, onlara 2 legioner icazəsi versək, bu, ümumilikdə12 əcnəbi oyunçu deməkdir. Nəticədə hər komandada 4 yerli voleybolçu olacaq. Klublar sərbəst olanda, federasiya onların işinə qarışmır. Klubların öz büdcələri və peşəkarlardan ibarət rəhbərləri olmalıdır. Bu halda rəqabət də olacaq. Əvvəllər necə idi? "Rabitə" ilə "Azerreyl", "Lokomotiv"lə "İqtisadçı" meydana çıxanda sanki yerlə göy oynayırdı. Həmin vaxt Avropa, dünya səviyyəsində voleybol izləyirdik. Bunu yalnız Faiq Qarayev etməyib, kollektiv şəkildə gerçəkləşdirmişik. Dövlət isə istiqamət verib, klubları yaradıb. Belə olan halda milli komandanın da gücü artır.

- Həmin vaxt vəziyyət elə idi ki, federasiya rəhbərliyi tərəfindən bir neçə quruma yeni klublar yaratmaları həvalə edilmişdi. Klubların bir neçəsi bu cür formalaşırdı. Yenidən belə bir formatda yeni klublar yaratmaq mümkün deyilmi?

- Maliyyə işinə o qədər də qarışmıram. Amma bilirəm ki, "Rabitə"nin həmin vaxt öz büdcəsi var idi və ayrı fəaliyyət göstərirdi. "İqtisadçı" klubu Azərbaycan Dövlət İqtisad Universitetinin idi və onların da öz büdcəsi olub.

- Amma yaxınlıq var idi...

- Yaxınlıq həmişə olub. Ancaq maliyyə məsələsini özləri həll edirdilər. Məsələn, Azərbaycan Dəmir Yollarına tapşırıq verildi və "Lokomotiv" yarandı. Bu klubun bazası da var idi. "İqtisadçı" klubu qısa zamanda zal düzəltdi, Qubada baza yaratdılar. "Lokomotiv" təmir işləri gördü. "Azerreyl" üçün zal tikildi. Hər klubun özünün maddi imkanları var idi. Mənim Cavid Qurbanovla görüşlərim çox olur. Yenə deyirəm, maliyyəyə qarışa bilmərəm. Amma bu gün holdinqlər yaranır. Həmin holdinqlərin rəhbərləri ilə analoji işlər görülür. Cavid müəllim bir neçə dəfə görüşlər keçirib. Lakin kömək edilsə də, bu, o dərəcədə deyil. Klublar iki əcnəbi gətirsinlər və əsas heyətə 4 yerli oyunçu qoysunlar. Buna bir qədər çox vəsait lazımdır.

- Hazırkı klubların büdcələri ilə o vaxtkı klubların büdcələri arasında nə qədər fərq var?

- 10 dəfə, 20 dəfə azdır. Bu gün futbolda klubların büdcəsini deyə bilmərəm. Çünki bu, mənə aid deyil. Hesab edirəm ki, klubların büdcələri illik ortalama 800 min - 1 milyon olsa, çox şeylər edə bilərik. Hazırda büdcələr 150-250 min arasında dəyişir. Bunun nədən asılı olduğunu soruşa bilərsiniz. Gənc komandaların büdcələri digərlərinə nisbətən fərqlidir. Mən sistemdən məsuliyyətliyəm. Burada zalların saxlanılması var. "Murov" klubuna pul veririk, hamı elə bilir ki, onlara daha çox ödəniş olunur. Amma zalların saxlanılması da nəzərə alınmalıdır. Suyu, işığı, qazı və s. Bu gün qiymətlərin necə olduğunu da bilirsiniz. "Murov" klubunda iki zal düzəltmişik. Hazırda "Sərhədçi" ilə də sıx əlaqəmiz var, yarışlarımızı orada keçiririk. Çox sağ olsunlar, bizə köməklik edirlər. "Sərhədçi" klubunun prezidenti Firdovsi Umudovla klubun gələcəyi haqqında danışırıq. Hamısı gəlir maliyyədə dayanır.

"Faiq Qarayev kimdir ki, ABŞ-a qalib gəlsin?"

- Deyəsən, sizdə də klubları federasiya saxlayır...

- Bu gün bütün dünyada pul qazanan müəssisələr idmana yatırım edirlər. Söhbət tək voleyboldan getmir. Klubu kim yaradır? Biri var komanda növlərində federasiya rəhbərləri, biri də var fərdi idman növlərində federasiya prezidentləri. Məsələn, AVF prezidenti Cavid Qurbanovdur. O, kişilərdən və qadınlardan ibarət milli komandaya baxmalıdır. Bütün dünyada belədir. Onun klubla nə işi olmalıdır? Klublar müstəqil olmalıdır. Cavid müəllim dedi ki, gəlin, bir qadın və bir kişi komandası yaradaq. Mən də ondan xahiş etdim ki, bunu etmək olmaz. Bir qadın və kişi komandası yaratsaq, uçuruma gedəcəyik. O da mənimlə razılaşdı. Bu gün "Neftçi" klubu özünü az miqdarda maliyyələşdirir. Amma baxmayaraq ki, orada yığmanın üzvləri oynayır. Maliyyəni bir az da qaldırsalar, yaxşı olar.

- Voleybolda ilk uğurlar elə məhz bir klubun - "Azərreyl"in sayəsində qazanılmışdı...

- Həmin vaxt gündə 3 dəfə məşq keçirdim, onların hamısı həm də yığmanın üzvləri idilər. Milli komanda ilə Rusiyanı və ABŞ-ı udmaq üçün hər gün 7-8 saat çalışmışıq. Amma mənə şərait də yaradılıb. Bunu Faiq Qarayev tək etməyib. Rəhbərliyin, klubların mənə dəstəyi olub və sistem yaratmışıq. Zalım, topum, yemək-içməyim və pulum olub. Ona görə ABŞ-ı udmuşam. Yoxsa Faiq Qarayev kimdir ki, ABŞ-a qalib gəlsin? Görürsünüz, nə qədər açıq və sərbəst danışıram? O vaxt idmançının maaşı olub. Axı voleybolçu maaş almalıdır. 2-3 ay maaş olmasa, idmançı məşq edə bilər? Məşqə girəndə onun psixologiyası necə olacaq? Qadın voleybolçular avrokubokda qalib olanda vaxtında maaşlarını alır, toplanışları keçirilir, məşq prosesi gedirdi. Qızların hər şeyi 100 faiz həll olunmuşdu. Onlar üçün ancaq məşq etmək qalmışdı. Sabah yenə baş məşqçi işləmək istəsəm, layihəm olmalıdır. Ev tikəndə birinci bünövrəsini qoyursunuz, qapısını, pəncərəsini düzəldirsiniz. Baş məşqçilik də elədir. Klub rəhbəri kimi gəlib deyə bilərsiniz ki, Faiq müəllim, bu nəticəni istəyirəm. Gündə 5-6 saat zalda işləyirəm. Siz də görürsünüz ki, komanda böyüyür. Buna isə vasait xərcləmək lazımdır. Oyunçu acdırsa, yemək yeməyibsə, bu yükləməni necə qəbul edə bilər? Söylədiklərim o demək deyil ki, mən pessimistəm.

- Əvvəlki ilə müqayisədə indi voleybolçuların hazırlanma prosesində hansı fərqlər var?

- Gündə 5-6 saat məşq etmiriksə, hazırlıq prosesi nəyə lazımdır? Oyunçulara yemək vermək lazımdır. Hamısının 1,90 - 2 metr boyları var. Rayonlardan oyunçular gətirmişik, çox gözəl də oynayırlar. Bunları necə inkişaf etdirməliyik? Gündə iki dəfə məşq etməli, yemək yeməlidirlər. Ev şəraitləri də yaxşı olmalıdır. Bəs idmançı necə yetişməlidir? Klublar bununla məşğul olmalıdır. Məşqçinin zalda topu olmalıdır, voleybolçuların isə müqavilələri. Bunlar olmasa, voleybol, həndbol və ya basketbol Azərbaycanda olmayacaq. Heç kim məndən inciməsin, nə varsa, onu da deyirəm. Bu gün 2 saatlıq məşqlə inkişaf mümkün deyil.

- Bəs problemin həllini nədə görürsünüz?

- Problemin həlli klublarda olmalıdır. Bir balaca təkan verilsə, yaxşı olar. Elə bilərlər ki, Faiq Qarayev həmişə şikayət edir. Sadəcə, mən istəyirəm ki, klublar peşəkar iş görsünlər. Mən nə vaxtsa "Rabitə", "Azerreyl" və ya "Sərhədçi" klubunun işinə qarışmamışam. Maliyyələrinin nə qədər olması, kimin nə qədər maaş alması məni maraqlandırmır. Bunlar federasiyaya aid məsələlər deyil. Özləri klub yaradırlar və özlərini maliyyələşdirirlər. Bunun üçün iş adamları və banklar lazımdır. Mən geniş formatda danışıram. Hamı deyir ki, komanda növləri inkişaf etsin. Bunlar olmasa, necə inkişaf edəcəyik?

"Maliyyə yox, klubların açılmasını istəyirik"

- Voleybolda kütləviliyin yaradılması üçün hansı addımlar atılır?

- Kütləvilik o deməkdir ki, hamı oynaya bilər. Amma kütləviliklə müqayisədə peşəkar idman tam başqadır. Kütləvilik üçün bir turnir keçirə bilərik. Bu, zona yarışları da ola bilər, Azərbaycan çempionatının oyunlarının bir qisminin bölgələri salınma formasında da. Belə planlarımız var. Yayda çimərlik voleybolu üçün də eyni turnirlərdən təşkil etməyi planlaşdırırıq. Bunların hamısı kütləvilikdən xəbər verir. Amma belə yarışlardan da istedadlı oyunçular çıxır. Kütləvilik olmasa, oyunçu seçə bilmərik. Buradan da milli komanda formalaşır. Yığmanın formalaşdırılması üçün gərək komanda Avropa səviyyəli turnirlərdə, yarışlarda iştirak etsin. Bunların hamısı da maliyyəyə bağlıdır.

- Bəs milli komandanın və ümumilikdə federasiyanın fəaliyyətində hansı problemlər var?

- Hazırda Qızıl və Gümüş Liqalarda oynamaq istəyirik. Lakin bütün yolları bağlayıblar. Yeganə istiqamət İstanbuldur. Biletlərin qiymətləri də qalxıb. Söhbət tək voleyboldan getmir. Gənclər və idman naziri Fərid Qayıbovla görüşəndə bu məsələni qaldırdıq. Qadın və kişilərdən ibarət yığmalar səfərlərə 20-25 nəfərlə getməlidir. Bu isə hazırda çox çətindir. Bir qarşılaşma üçün Finlandiyaya gedib qayıtmaq, görün, neçəyə başa gəlir? Belə problemlər nə Cavid müəllimlikdir, nə də nazirlik. Bir oyunla komanda böyüməz axı... Bu gün heç kimi təqsirli bilmək istəmirəm, belə şəraitdə yaşayırıq. Pandemiyada ölkə çempionatı və zallar fəaliyyətini dayandırdı. Məşqlər olmadı, ancaq açıq havada çalışmağa icazə verildi. Dövlətin qanunudur, poza bilmərəm. Amma çöldə voleybol oyununu necə keçirim? O qədər çətinliklərlə rastlaşırıq ki... Bir dəfə işçilərdə xəstəlik çıxdı və federasiyanı bağladıq. Bu, komandalarda düşsə, nə edəcəyik? Bunların hamısı yavaş-yavaş geridə qalır. Pessimist olmayaq, gələcəyə inamla baxaq. Görüşlərimizi keçirir, kömək və dəstək oluruq. Ölkə çempionatına başlamaq belə, böyük şeydir. Bu şəraitdən sonra özümüz gözləmirdik, amma kömək oldu. Federasiyanın borcu yoxdur, hamı vaxtında maaşlarını alır. Amma irəli getmək istəyiriksə, bu işi böyütmək lazımdır. Klublar yaranmalı və özlərinin büdcələri olmalıdır. Oradan oyunçular, məşqçilər yetişməlidir. İnkişafı ancaq bunda görürəm.

- Fərid Qayıbov iki dəfə bütün federasiyaların rəsmiləri ilə görüşüb. Belə məsələlər orada qaldırıbmı və qaldırılıbsa, niyə həlli yolunda addım atılmayıb?

- Bu məsələlər həmin görüşlərdə qaldırılıb. Fərid müəllimlə dəfələrlə görüşmüşük. Bunlardan ikisi federasiyamızda olub. Nazir müavini Mariana Vasileva ilə 3-4 dəfə görüşlərimiz gerçəkləşib. Nazirlik də bizə kömək etməyə çalışır. Cavid Qurbanovla, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşürəm. Biz planlarımızı vermişik. İstəyimiz nədir? Mən maliyyə yox, klubların açılmasını istəyirəm. Klublar maliyyələşəndən sonra bu işlər öz yoluna düşəcək. Klub 10 oyunçu alacaq, onların və məşqçilərin maaşlarını verəcək. 2 legioner gətirəcək. Biz federasiya olaraq pul istəmirik. Rəhbərliyin qarşısında bir xahişimiz var ki, klublar açılsın, bərpa edilsin. Azərbaycanda 6 qadın və eyni sayda kişi komandası olsun. Bunların hamısı eyni formada maliyyələşsinlər. Büdcə 800 min manat olmur, qoy, 600 - 700 min manat olsun. Amma 6 klubun rəqabəti üçün 600-700 min manat pul ayrılsın. Bank, zavod, fabrik olsun. Bunlar klubları açsınlar. Bizim federasiyanın da işi həmin vaxt yaxşı gedəcək. Onun üçün oyunçu böyüdəcəyik.

"Tək komanda saxlasaq, Azərbaycanda voleybol olmayacaq"

- Banklardan biri federasiyanızla eyni binada fəaliyyət göstərir...

- Ona mən qarışa bilmərəm (gülür). Mənə yaraşdırarsınızmı ki, gedim banka "Voleybola pul ver" deyim?

- Pulu siz istəməməlisiniz, onlar özləri maraqlı olmalıdırlar. Banklar görmürlərmi ki, şəhərin mərkəzində, ciddi uğurlara imza atmış federasiya fəaliyyət göstərir?

- Türkiyədə voleybola dəstək olan banklara baxın: "Halkbank", "Ziraat Bank", "Vakıfbank" və s. Bunu mən Türkiyədə işləyəndə rəhmətlik prezident Turqut Özal etmişdi. O, klubları banklara vermişdi. Azərbaycana qayıtsaq, tutaq ki, bu gün "Sərhədçi" klubunun sponsoru hansısa bankdır və bank kluba 2 faiz reklam pulu verir. "Sərhədçi"yə heç nə lazım deyil. Mən də Faiq Qarayev olaraq, bu klubu avrokuboklarda oynadım, arxasında durum, nə kömək lazımdır edim. Mənim işim zalda olmaqdır: işləyim və zövq alım. Belə olanda Azərbaycandan kənarda da bankı tanıyacaqlar. Türkiyə klublarının formalarında reklamlar əlindən yer yoxdur. Hər yerlərində yazıdır. Hərəsi 5-10 min dollar verəndə 50-60 min dollar düzəlir. Bu qədər böyük zavodlar və fabriklər, böyük gəlirli müəssisələr var. Supermarketləri misal göstərə bilərik. Fransanın "Kann" voleybol komandası neçə ildir ki, Çempionlar Liqasında oynayır. Klub prezidentinin 3 supermarketi var. 20 ildir ki, kubokda final oynayırlar. Belə nümunələri çox göstərə bilərəm. Supermarketlər üçün komanda saxlamaq nə qədər böyük işdir ki?! "Sərhədçi" klubunun 3 sponsoru olsun. Formanın önünə bir, arxasına isə başqa sponsorların adları yazılsın. Xaricdə belədir. Formanın önündə brilliant adlanan hissədə reklam təxminən ayda 20 - 30 min dollardır. Bu, illik 200 - 300 min dollar edir. Formanın qızıl adlanan arxa hissəsində reklam ayda 15 min dollara başa gəlir. Şortikdə reklam isə illik 50 - 60 min dollaradır. Beləliklə, reklamlardan qazanc ən azı 500 min dollara çatır. Belə olan halda klubun işi düzəlir. Mən demirəm ki, hamısı gəlsin, voleybola kömək etsin. Qoy, həndbola, basketbola yardım etsinlər.

- Şirkətlərin sponsorluqda marağı nə olmalıdır?

- Onların ödədikləri reklam pulu vergidən azad olmalıdır. Mən "Vakıfbank" komandasında işləyəndə klubun icraçı direktoru soruşurdu ki, nə qədər pul xərclənib? Deyirdilər ki, 1,6 milyon ABŞ dolları. Bu, həmin vaxt üçün böyük pul idi, çempion da olmuşduq. Oyunlarımızı "Kanal D" yayımlayırdı. Yayımçı televiziya matçları 38 saat göstərib. Hər oyun 1,5 və ya 2 saat çəkirdi. Deyirdilər ki, onun pulu verilsəydi, məbləğ 12-14 milyonadək qalxacaqdı. Biz 1,6 milyonla 38 saat reklam etmişik. Siyasətə baxın. Bildirdilər ki, bu il büdcə üçün nə qədər lazımdır? 2 milyon. İclas 5 dəqiqə davam edirdi. Hamısı ayağa qalxdı, 2 milyonluq büdcəni təsdiqlədilər və bitdi. Maaşımı, evin pulunu, veloybolçunun əmək haqqını verirdilər. Mənim işim nədən ibarət idi? Zalda işləyim və nəticə verim. Biz də bunu istəyirik. Sivil dövlətdə yaşayırıq. Bir futbolçunun maaşını voleybol komandasına versinlər. Mən bir şey demirəm ki?! Voleybola baxmaq lazımdır ki, inkişaf olsun. Gülü sulamasan, bitər? Tək Cavid Qurbanovla nə etmək olar? O, fərdi yox, kollektiv idman növü üzrə federasiya prezidentidir. Hər klubda azı 25-30 nəfər var. 9 klubda 300 - 400 nəfər edir. Futboldan başqa hansı idman növündə belə rəqəmlər var? Bunların hamısını Cavid Qurbanov necə saxlasın?

- Cavid Qurbanov buna görəmi federasiyanın kişi və qadınlardan hərəyə bir komanda saxlamasını istəyirdi?

- Bəli, elə deyirdi. Amma indi üst-üstə 9 komanda oynayır və əhvalım yaxşıdır. Halbuki mən Türkiyədən Azərbaycana qayıdanda voleybolçu, top və tor da yox idi. Yığdım 12-15 nəfər düzəltdim. Məsələn, bu gün bir komanda saxladıq, digər camaatı necə edim? Voleybolda bu gün nə qədər adam var. Elə olsa, deməli, bu gün voleybola bütün marağı öldürəcəksən. Mən onun savaşını aparıram, qoymuram bağlansın. Ən asan şey "Azerreyl"i və kişilərdən bir komandanı saxlamaqdır. Bəs məşqçilər, digər oyunçular, menecerlər və həkimlər necə olacaq? Bunların hamısını göz önünə alıb danışıram. Mən gələndə bunlar Azərbaycanda yox idi, bu gün var axı. 9 komandada ancaq azərbaycanlılar oynayır. 3-4 legioner var. 90 - 95 faizi yerli oyunçulardır. Tək komanda saxlasaq, Azərbaycanda voleybol olmayacaq. 7-8 beynəlxalq dərəcəli hakimimiz var. Onları da itirirsən. Mən bunun mübarizəsini aparırarm ki, komandaları bağlamaq olmaz. Mənim 10 voleybolçum xaricdədir. Sabah maliyyəm olsa, Bakıya gətirəcəyəm, özüm məşqçiliyə keçəcəyəm və nəticə verəcəyəm. Faiq Qarayev bu gün özünü məşqçi qoya bilməz. Bunu ictimaiyyət, cəmiyyət etməlidir. Cavan məşqçilər olsun, gedim onlara öz təcrübəmlə köməklik edim. Burada utanmalı nə var? Amma voleybol yaşasın və ölkədə olsun, zallar dolsun.

"Elnur Əşrəfoğlu rəhmətə gedəndə çox ağlamışdım"

- Vaxtilə voleybolun təbliğində telekanallar da böyük fəallıq göstərirdilər. Amma indi demək olar ki, Azərbaycan çempionatının oyunları yayımlanmır...

- Özümü tərifləmək üçün demirəm, bir az təcrübəm var, bilirəm. Yenə 20 əvvələ qayıdıram. Həmin vaxt jurnalistlərin nə qədər köməyi olmuşdu. Allah Elnur Əşrəfoğluna rəhmət etsin. Elnuru voleybolda mən böyütdüm, xaricdə keçirdiyimiz oyunlara apardım. O, rəhmətə gedəndə çox ağlamışdım. Onu dəfələrlə yarışlara aparmışam. Hazırda "İdman TV"də çalışan Rövşən Binnətlini də həmçinin. Jurnalistlər də bizimlə yarışlara getməli və orada iştirakçı olmalıdır. Oranı görmək başqa, televiziyadan izləyib şərh etmək başqadır. Dünya çempionatına 3-4 jurnalist aparanda çətinlik çəkirik. Halbuki Türkiyə yığması özü ilə 40 media nümayəndəsi aparır. Jurnalistlər də elə bilir ki, Faiq Qarayev onları aparmaq istəmir.

- Azərbaycan yığmasının iştirak etdiyi 2014-cü il dünya çempionatının oyunları Azərbaycanda yayımlanmamışdı...

- Bəli. Getmişik, dünya çempionatında Yaponiyanı udmuşuq, lakin televiziya oyunu yayımlamır. Zəng edib məndən soruşurlar ki, oyun niyə göstərilmir? Qalmışam belə, nə cavab verim? Dünya çempionatında neçə komandan oynayır? Təsəvvür edin ki, futbolda bizimkilər bir dəfə qrupda ikinci yeri tutsunlar. İstəyirəm həyatımda onu görüm. Əminliklə deyə bilərəm ki, həmin gün bayram, şənlik olar. Amma biz dünya çempionatına düşmüşük, Yaponiya, Puerto-Riko, Kuba, Xorvatiyanı udmuşuq. Qadınlar arasında dünya çempionatında! Heç məni təbrik edən də yoxdur. Deyirlər ki, nə oldu, medalınız var? Azərbaycan ABŞ-ı da, İtaliyanı da, Rusiyanı da udub. Bu, bilirsiniz nəyə oxşayır? Azərbaycan getsin futbolda Braziliya və İngiltərəni udsun. Nə demək istədiyimizi bilirsiniz. Yekatirina Qamova, Yelena Qodinanın olduğu Rusiya millisini udmuşam. Tək mən qalib gəlməmişəm. Bunu biz etmişik. Gedib aylarla Qubada qalırdıq. Şərait olmasa, bunları etmək olmazdı. Deməli, mənə şərait yaradıblar. Adam gərək düz danışsın. Mən aşpaz deyiləm ki...Qızların yeməyi, içməyi qalmağı və s. hamısı var idi. Bilmirdim ki, toy nədir, nişan nədir. Girmişəm zala, 8 saat qan-tərlə işləmişəm. Amma qabağıma məqsəd qoyurdum. Deyirdim ki, biz bunu etməliyik. Bütün bunlardan kino çəkmək lazımdır. Sizə sual verim. Azərbaycanın futbol üzrə milli komandası dünya çempionatına düşsə, necə olar?

- Nəinki dünya çempionatına, Azərbaycan klubları avrokubokların qrup mərhələsinə düşəndə bayram olur...

- Mən də onu bayram hesab edirəm. O da olmalıdır. Futbol yuxarı qalxdıqca bizim də işimiz düzələr. Güləş, voleybol və ya basketbol bir yerdədir, futbol isə təkdir. Futbol artıq siyasət olub. Fikir vermisinizsə, Rusiyaya sanksiyalar tətbiq olunan kimi bu, futbolda da özünü göstərdi. Görün, idman nə qədər önəmli vasitədir. Bir nəfərlə söhbət edirdim, ona dedim ki, Rusiyada hər şeydən əvvəl futbola sankisiya qoyuldu. Bilirsiniz niyə? Ölkənin insanlarına psixoloji təsir etmək üçün. Allah eləməsin, bu gün Türkiyədə futbol bağlansa, necə olar? Neçə il orada yaşamışam. Hər kəs bilir ki, məsələn, "Fənərbağça" nə zaman oynayacaq. Həmin azarkeş bazar ertəsindən matça hazırlaşır. İnsanlar futbolla, voleybolla yaşayırlar. Basketbolda "Fənərbağça"nın komandası "Anadolu Efes"lə birlikdə Avroliqada çıxış edir. Demək olar ki, hamısına baxıram. Hər gün üçün mənim cədvəlim var. Onların o qədər azarkeşi var ki... Qarşılaşmalara qadınlar və uşaqlar da gedirlər. Patriotizm necə yaranır? Zallarda, insan kütləviliyində. Gəlin, bayrağı götürək bu saat bayıra çıxaq. Bizi tutub aparacaqlar. Amma kütləvi idman tədbirlərində nə qədər desən, bayraq görmək olar. "Qarabağ" klubu udanda görürsünüz, hamımız necə sevinirik?

"Heç nədən qorxum yoxdur, uduzanda da qorxmamışam"

- 2019-cu ildə İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri" adlı mükafatlandırma mərasimində iştirak etdiyiniz vaxt "Məni yavaş-yavaş sıxaraq, otağa yerləşdiriblər ki, gəl burada otur" demişdiniz. Sizi böyük zallarda yenə görəcəyikmi?

- Nazirlə görüşümdə deyirəm ki, vəzifə yaxşı şeydir. "Azerreyl"in prezidenti idim və klubu özüm yaratmışdım. Ərizə yazdım, çıxdım ki, Azərbaycan çempionatında düzgünlük olsun. İndi də deyirəm ki, vitse-prezidentlik və s. mənlik deyil. İnsanlar, dostlarım məni baş məşqçi kimi tanıyırlar. Məni vitse-prezident kimi tanıyan yoxdur. Həyatım sıfırdır, inanın mənə. Mənə sual verdiniz, indi danışım. Mənim 63 yaşım var. Sabah girim zala, qızları gətizdirdim. Bu saat götürüm zəng edim, hamısını qaytarım bura və məşqlərə başlayım. Sabah o qızın qarşısına necə çıxım? Ona maaş verə bilməyəndən, məvacibi gecikəndən və digər məsələrdən sonra özümə nifrət edərəm. Ona görə kostyumu geyinib, oturub gözləyirəm ki, mənə şərait yaratsınlar. 4 illik proqram təqdim etmişəm. Qol çəksinlər ki, sizə təminat veririk, işə başla. Mən də başlayım işləməyə. Nə istəyirəm ki? Ayda 200-300 min istəmirəm ki?! Başımı aşağı salıb işimi görərəm. 38 il işləmişəm, SSRI-nin vaxtından bu sahədə çalışmışam. Ondan zövq və adrenlın alıram. Baş məşqçi qalib gələndə zövq alır, məğlub olanda daxilində ağlayır. Bu, başqa bir həyatdır. Heç nədən qorxum yoxdur. Uduzanda da qorxmamışam. Kişi uduzar da, udar da.

- Məsələnin digər tərəfi də var: Uduzanda insanın əsəbləri gərgin olur və bu, səhhətə də təsir edir...

- Əlbəttə. Dəli olursan, bir ay özünə gələ bilmirsən. Mənim səhhətimdə niyə problem olub? Bir ara pul və maaş olmadı. Dedim ki, yazmayın, deməyin. Belə olan halda voleybolçu qız necə oynasın? Bir ailədə görmüsünüzmü həmişə hər şey yaxşı olsun. Məsələn, evdən siyahı verirlər ki, gələndə bunları alarsan. Gedirsən, alıb gətirirsən. Bəs pul olmasa, necə alacaqsan? Alıb gətirməsən, dedi-qodu başlayacaq. Burada isə 500-600 nəfər insan, hərəsinin bir cür psixologiyası var. Bəzən hamısını edə bilmirsən. Biri gedib jurnalist tapır və şikayət edir. Gəlir, mənimlə qarşı-qarşıya oturur, başa salıram. Deyir ki, Faiq müəllim, başa düşdüm. Soruşuram ki, mən maaş verənəm? Həyata bir az nikbin baxmaq lazımdır. Məşqlər gedir, çempionata başlamışıq, avrokuboklarda oynamaq istəyirik. Jurnalistlərə də deyirəm ki, yaxşı yazın ki, bunlarda həvəs olsun. Mən demirəm ki, tərifləyin. Sadəcə, bizə klublar lazımdır, maliyyə də lazım deyil. Jurnalistlərə həmişə demişəm ki, klublar haqqında yazsınlar.

"Rusiya və Ukraynadan oyunçu gətirməyin məqamıdır"

- Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçildiyi vaxt MOK vitse-prezidenti Çingiz Hüseynzadə belə bir fikir səsləndirmişdi: Qadın voleybolçulardan ibarət "Rabitə" klublar arasında dünya çempionu olub...

- Mən bu məsələnin üstünə düşmüşdüm, keçmiş nazirlə (Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə - red.) danışmışdım. Artıq Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib. Bu durumda voleybol söhbəti keçdi axırıncı plana. Amma "Rabitə" dünya çempionu olmuşdu. Ölkə xaricində "Rabitə"ni kim tanıyır? Həmişə demişəm: Rabitə naziri dünya çempionudur, özü də qadınlarda. Bir düşünün, Qafqazda bu komandanı necə yarada bilərsən? 2 000 km radiusda voleybolun qoxusu belə, yoxdur. İndi heç yoxdur. Bir Türkiyə qalıb. Ukrayna, Belarus və Rusiya dağılır. Sanksiyaları 4 illik veriblər.

- İmkan olsa, bu ölkələrdən voleybolçular gətirmək olarmı?

- Bəli, indi məqamıdır. Futbol üzrə Fransa millisində xeyli qaradərili çıxış edir. Qvineya, Nigeriya və digər ölkələrdən idmançıları gətirir, vətəndaşlıq verir və milli komandada oynadırlar. Sonra da onları baha qiymətə satırlar. Bizimkilər niyə etmir: Pulları yoxdur? Lazımsız oyunçuları yığma komandaya soxdular, oynatdılar. 3-4 nəfər gətirin və qələbə qazanın. Əllərinizə fürsət düşüb. Bilirsinizmi Ukraynada necə yaxşı futbolçular var?

- Azərbaycana gələrlərmi?

- Niyə gəlməsinlər? Hara gedəcəklər? Amma mövqeyini bildirməlisən: Rusiya və Ukraynadan eyni komandaya oyunçu götürə bilmərsən, birini seçməlisən. Çünki bu iki ölkənin idmançıları birlikdə oynamazlar. Görürsünüzmü ukraynalı məşqçilər və futbolçular Rusiyanı necə tərk edirlər?

- Rusiya "Zenit"inin ukraynalı məşqçisi Anatoli Timoşuk klubu tərk etmədiyi üçün onu ölkəsində vətən xaini çıxarıblar...

- Bəli. Bundan da məlumatım var.

"Zal baxımından problemimiz yoxdur"

- "Sərhədçi", nəhayət, voleybola qayıtdı. "Sərhədçi" İdman Olimpiya Mərkəzindəki infrastruktur həmişə yüksək səviyyədə olub. "Rabitə" oyunlarını orada keçirib. Dərnəgüldəki o cür zal indi yoxdur. Niyə o, əldən çıxdı?

- "Azerreyl" də vaxtilə oyunlarını "Sərhədçi"nin zalında oynayıb. Hətta avrokubok finalını da orada keçirmişdik. Dərnəgüldəki zala gəldikdə, mən o işlərə qarışmıram. Amma hələlik əldən çıxmayıb. Biz onun üzərində işləyirik. Görək, qərarları nə olacaq. Pandemiya bitdi, ölkə çempionatı başlayıb, zal da oradadır.

- Tamaşaçı baxımından ən normal arenalardan biri oradır...

- Razıyam. "Sərhədçi" və Bakı İdman Sarayı var. Orada da oyun keçirmək mümkündür. Artıq danışmışıq.

- Belə olanda halda hər klubun özünün meydançası olacaq?

- Bəli. "Sərhədçi" və "Murov"un var. Bizim federasiyanın da zalı var. Əl Oyunları Sarayı və Fövqəladə Hallar Nazirliyinin Hövsandakı zalında da oyunlar keçirmək olar, çox gözəldir. Zal baxımından problem yoxdur. (report)







Offside