Həndbol üzrə Azərbaycan çempionatında ikinci və üçüncü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, martın 26-da beş qarşılaşma baş tutub.
Qadınlardan ibarət komandalar iki, kişi həndbolçular isə üç dəfə meydana çıxıblar.
Turun birinci görüşündə “Təhsil” komandası ilə üz-üzə gələn “Bakı” klubu 33:29 hesabı ilə qələbə qazanıb. Digər qarşılaşmalarda “Azəryol” “Qarabağ”ı 32:22, U-18 İdman Akademiyası “Gənclər Birliyi”ni 43:18 hesabı ilə məğlub edib. “Azərsu” və “İdman Akademiyası” arasında keçirilmiş oyunda isə heç-heçə qeydə alınıb - 24:24.
Çempionatın gərgin keçən sonuncu matçında U-16 “Məhsul”a 33:29 hesabı ilə qalib gəlib.
İkinci turun oyunları ərəfəsində bütün komandalara Azərbaycan Həndbol Federasiyası tərəfindən toplar hədiyyə olunub.
Bu gün isə kişi həndbolçuların Azərbaycan çempionatında 3-cü turun oyunları keçirilib. Günün ilk qarşılaşmasında “Bakı” komandası U-16 üzərində çətinlik çəkmədən qələbə qazanıb – 38:24. Digər oyunda “U-18 İdman Akademiyası” ilə qarşılaşan “Məhsul” həndbolçuları meydanı 30:15 hesablı məğlubiyyətlə tərk ediblər.
Turun son qarşılaşmasında “Təhsil” klubu "Gənclər Birliyi" kollektvinə böyük hesabla qalib gəlib - 42:19.
Ölkə çempionatının 4-cü turunun bütün görüşlərinin aprelin 2-də keçirilməsi nəzərdə tutulub. Tura “U-18 İdman Akademiyası” – “Bakı”, “Azərsu” - “Qarabağ”, “Gənclər Birliyi” - “Məhsul”, “İdman Akademiyası” - “Azəryol”, U-16 - “Təhsil” matçları ilə yekun vurulacaq.