“Bu, rəsmi beynəlxalq yarışlarda ilk qızıl medalımdır. Dizimdən əməliyyat olmağıma baxmayaraq, qızıl medal qazana bildim və bundan sonra turnirlərdə yalnız qızıl medal üçün mübarizə aparacam”. Corner.az xəbər verir ki, bunu Afinada keçirilən “Avropa Kuboku 2022” turnirində qızıl medal qazanan Məhərrəm İmamverdiyev Avropa Cüdo Birliyinin (EJU) son məqaləsi üçün verdiyi müsahibəsində bildirib.
EJU-nun son dərc etdiyi məqaləyə əsasən, 27 ölkədən 300 idmançının qatıldığı turnirin ikinci günü Azərbaycan üçün çox uğurlu keçib. Finalda -81 kq çəki dərəcəsində yarışan Məhərrəm İmamverdiyevin performansı və rəqibinə qarşı tətbiq etdiyi fənd böyük həyəcanla izlənilib. EJU-nun rəsmi saytında İmamverdiyevin qələbəsi belə şərh edilib: “Finala cəmi 25 saniyə qalmış İmamverdiyev qalib olmağa yol tapdı və “vaza-ari” fəndi nümayiş etdirərək təmiz qələbə qazandı və qızıl medal əldə etdi”.
Müəllifin sözlərinə görə, +100 kq çəki dərəcəsində yarışan Hüseyn Məmmədov və Kənan Nəsibov bütün rəqiblərini geridə qoyaraq, finalda bir-biriləri ilə qarşılaşdılar və bununla da, komanda hesabında Azərbaycan 3-cü oldu.
Qızıl medalçı Kənan Nəsibov bildirib ki, növbəti turnirlərdə hədəfi yalnız birincilik olacaq: “Çox çətin yol fəth etdikdən sonra, əziyyətim öz bəhrəsini verdi. Bundan sonra diqqətimi bu il Avropa və dünya çempionatlarında qızıl medal qazanmağa yönəldəcəm”.