Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı start götürüb. Corner.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə qoşulub.
57 kq
Əliabbas Rzazadə təsnifat mərhələsində ispaniyalı Levan Metreveli ilə üz-üzə gəlib. O, ilk cəhdində rəqibinə heç bir şans verməyib - 7:0. Rzazadə 1/4 finalda Naim Salimlə (Bolqarıstan) qarşılaşıb və yenə qələbə qazanıb - 9:6. Təmsilçimiz yarımfinalda Beka Bujiaşvili (Gürcüstan) ilə qarşılaşacaq.
65 kq
3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulub. O, bu mərhələdə Munir Aktaşdan (Türkiyə) güclü olub - 12:6. Güləşçimizin yarımfinaldakı rəqibi Maksim Sakultan (Moldova) olacaq.
70 kq
Zirəddin Bayramov 1/8 finalda macarıstanlı Daniel Antalı 10:6 hesabı ilə məğlub edib. Yarımfinala vəsiqə uğrunda görüşdə təmsilçimiz Fati Veyselini (Makedoniya) mübarizədən kənarlaşdırıb - 9:4. Onun bu mərhələdə rəqibi gürcü Zurabi İakobişvili olacaq.
79 kq
Əşrəf Aşırov 1/8 finalda bolqarıstanlı Miroslav Kirovla qarşılaşıb və bu dueldən qalib ayrılıb - 9:0. Onun növbəti mərhələdə rəqibi erməni Arman Avagyan olub. Bu dəfə də rəqibinə şans verməyən Əşrəf (11:0) yarımfinala çıxıb. O, finala gedən yolda gürcü Vladimeri Gamkrelidze ilə qüvvəsini sınayacaq.
97 kq
Məhəmmədxan Məhəmmədov təsnifat mərhələsində litvalı Lukas Krasauskasla qarşılşıb. İdmançımız 12:2 hesablı qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb. Təmsilçimiz bu mərhələdə gürcüstanlı Elizbar Odikadzeni də üstələyərək (14:7), yarımfinala yüksəlib.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.