27 noyabr 2024. Çərşənbə

CEV Azərbaycanın təklifini rədd edib


  • Offside
  • 16:54 01.04.2022
  • Oxunma sayı: 117
CEV Azərbaycanın təklifini rədd edib
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov milli komandaların Avropa Liqasından imtina etməsinin səbəblərini açıqlayıb. Corner.az xəbər verir ki, federasiyasının rəsmi saytına danışan baş katib bildirib ki, bir müddət əvvəl Avropa Voleybol Konfederasiyasına (CEV) müraciət edilib.
 
“Bildiyiniz kimi bu ilin may-iyun aylarında qadın voleybolçulardan ibarət millimizin Qızıl Avropa Liqasında, kişilərdən ibarət komandamızın isə Gümüş Avropa Liqasında iştirakı nəzərdə tutulmuşdu. Artıq komandalarımızın rəqibləri və oyunların təqvimi də müəyyən edilmişdi.  Azərbaycan Voleybol Federasiyası tərəfindən bir neçə gün əvvəl Avropa Voleybol Konfederasiyasına (CEV) rəsmi formada milli komandalarımızın Avropa Liqasında iştirak etməyəcəkləri ilə bağlı müraciət edildi. Bundan sonra komandalarımız CEV tərəfindən iştirakçı siyahısından çıxarıldı. Açığı yarışdan imtina etməzdən əvvəl müraciət zamanı təklif etdik ki, yarışı turnir formasında təşkil etsinlər (bilirsiniz ki, bir neçə ildir ki, Avropa Liqası ev-səfər sistemi ilə keçirilir, əvvəl oyunlar turnir formasında təşkil olunurdu). Amma bu təklifimizə rədd cavabı gəldi və bildirildi ki, reqlamentdə dəyişiklik edə bilməzlər”. 
 
Xəlilov imtina səbəblərinə aydınlıq gətirib: “Hazırda Avropa ölkələrinə səfər edərkən hava yollarında bəzi çətinliklər yaranır, uçuşlar Türkiyə üzərindən həyata keçirilir. Bu isə bəzən biletlərin alınmasında problemlər yaradır. Həmçinin oyunlar arasında da çox az vaxt var. Düşünürəm ki, Avropa Liqası turnir şəklində təşkil olunsaydı bu iştirakçı komandalar üçün daha əlverişli olardı.  CEV-in rəsmi saytında qadınlardan ibarət milli komandamız iştirakçı siyahısından çıxarıldıqdan sonra mətbuatda qeyd edildi ki, biz maliyyə problemlərinə görə yarışdan imtina etmişik. Hazırda federasiyada maliyyə ilə bağlı bir problemimiz yoxdur. Yəni iştirak etməmək üçün digər səbəblərimiz var. Bunlardan biri haqqında bir az əvvəl danışdım. Digər səbəblərdən biri də, bu yarışın kommersiya xarakterli olmasıdır”. 
 
Federasiya rəsmisinin sözlərinə görə, ən vacib səbəb isə oyunçularla bağlıdır: “Hər zaman çalışmışıq ki, oyunçularımız klub mövsümündən sonra zədələrini müalicə etsinlər və daha yaxşı formada milli komandanın məşqlərinə qatılsınlar. Ona görə də belə qərara gəldik ki, aprel və may aylarında klub mövsümü başa çatır. Millimizin əksər oyunçuları hazırda xarici klublarda çıxış edirlər. Xarici ölkə çempionatları bitdikdən az müddət sonra başlayacaq bu yarışa komandamız tam hazırlıqlı yollana bilməyəcək. Voleybolçularımızın mövsüm boyu aldıqları zədələr səbəbindən bərpaya ehtiyacları olacaq. Qarşıda bizi daha güclü yarışlar gözləyir və oyunçlarımız ağır mövsümdən sonra bir qədər istirahət etməli, bərpa prosesi keçməlidirlər”. 
 
Xəlilov Azərbaycan Voleybol Federasiyasının qarşıda duran planlarından danışıb: “Bu gün Azərbaycan Voleybol Federasiyasının əsas məqsədi gənc oyunçuların yetişdirilməsi, onların sağlamlığı və qarşıdakı yarışlarda yüksək nəticələr əldə etməsidir. Bu ayın sonunda ölkə çempionatının Yüksək və Super Liqa yarışları başa çatır. Ardınca milli komandaların təlim-məşq toplantılarına start veriləcək. Həm qadın, həm də kişilərdən ibarət milli komandalarımızın təlim-məşq toplantıları və iştirak edəcəkləri turnirlərlə bağlı bir neçə federasiya ilə danışıqlar aparılır və bu istiqamətdə lazımı işlər görülür.
 
Qeyd edim ki, Federasiya prezidenti Cavid Qurbanov iclaslarda milli komandalarımızın qarşıdakı Avropa çempionatının təsnifat mərhələsində və İslam Həmrəyliyi Oyunlarında iştirakının vacibliyini deyib. Bu yarışlara hazırlıq prosesi üçün lazımı şəraitin yaradılmasına tapşırıq verib.  Bir məsələni də qeyd edim ki, Avropa Liqasından biz imtina etmişik məhz bundan sonra CEV komandalarımızı iştirakçıların siyahısından çıxarıb. Nəzərinizə çatdırım ki, Azərbaycan Voleybol Federasiyasının hər zaman Avropa Voleybol Konfederasiyası ilə çox yaxşı münasibət olub”.






Offside