27 noyabr 2024. Çərşənbə

İki güləşçimiz finalda, Elis gümüş medalla kifayətləndi


  • Offside
  • 22:42 01.04.2022
  • Oxunma sayı: 123
İki güləşçimiz finalda, Elis gümüş medalla kifayətləndi
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir. Corner.az xəbər verir ki, yarışın 5-ci günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
 
Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan start verib. Titullu güləşçimiz rumıniyalı Denis Mihaya ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Eldəniz yarımfinalda erməni Rudik Mkrtçyana da gücünü göstərib. Rəqibini 7:3 hesabıyla xalçadan məyus yola salan təcrübəli pəhləvanımız 4 illik fasilədən sonra ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşacaq.
 
Taleh Məmmədov (63 kq) yarışa 1/4 finaldan qoşulub. Təcrübəli pəhləvanımız türkiyəli Ahmet Uyardan üstün olub - 5:1. Taleh yarımfinalda erməni Qraçya Poqosyanla qarşılaşıb. Gərgin keçən görüşün ikinci hissəsində uğurlu "çevirmə" fəndi Məmmədova qələbə qazandırıb - 3:1. Beləliklə, Taleh də ikinci dəfə AÇ-nin finalında güləşmək hüququ qazanıb. Həmyerlimizin finaldakı rəqibi gürcüstanlı Leri Abuladze olacaq.
 
Sənan Süleymanov (77 kq) 1/8 finalda rumıniyalı İlye Koyokariyə heç bir şans tanımayıb - 9:0. Süleymanov növbəti mərhələdə erməni dünya çempionu Malxas Amoyanla gərgin keçən görüşdə minimal fərqlə (6:5) uduzub. Rəqib finala yüksəldiyi üçün Sənan aprelin 2-də təsəlliverici görüşə çıxacaq. Rəqib Mantas Sinkeviçyus (Litva) - Denis Xorvat (Slovakiya) görüşünün qalibi olacaq.
 
İslam Abbasov (87 kq) ilk mərhələdə xorvat Matey Mandiçə minimal fərqlə (4:3) qalib gəlib. Həmyerlimiz 1/4 finalda serbiyalı dünya çempionu və Tokio Olimpiadasının bürünc medalçısı Zurabi Datunaşviliylə gərgin keçən mübarizədən 5:3 hesablı qələbəylə ayrılaraq adını yarımfinala yazdırıb. İslam final yolunda rumıniyalı Niku Samuel Oyoqla güləşib. İlk hissənin əvvəllərində əks-fənddə yaxalanan Abbasov məğlubiyyətdən qaça bilməyib. Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.
 
Beka Kandelaki (130 kq) Avropa çempionatına inamlı qələbəylə start verib. Təmsilçimiz ilk görüşdə ukraynalı Mixaylo Vişnivetskiyə vaxtından əvvəl (10:0) qalib gəlib. Kandelaki 1/4 finalda erməni David Ovasapyan 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Beka finalın bir addımlığında dəfələrlə dünya və Avropa çempionu olmuş, 3 qat olimpiya medalçısı Rza Kayaalpla (Türkiyə) qarşılaşıb. Tərəflər görüş ərzində yalnız hərəyə 1 cərimə xalı qazanıb. Sonuncu xalı rəqib əldə etdiyi üçün təmsilçimiz bürünc medal üçün güləşəcək.
 
Bu gün həm də qadın güləşçilərdən Elis Manolova (65 kq) finalda Tatyana Rıjko ilə qüvvəsini sınayıb. Rəqibinə 0:4 hesabı ilə uduzan Manolova gümüş medalla kifayətlənib.
 
.
 
Daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.






Offside