Azərbaycanın iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Asiya Kubokunun qalibi olub. Corner.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Abil Yusubov əvvəlcə yerli cüdoçu Oqabek Macitov, daha sonra gürcüstanlı Nikoloz Tatrişvili, qazaxıstanlı Nurlubek Arqunbek və Zhalun Nurtayı məğlub edərək finala yüksəlib. Yusubov qızıl medal uğrunda görüşdə gürcüstanlı Mate Qvelesianinə qalib gəlib.
Azərbaycanın daha bir təmsilçisi Nahid Tarquliyev də oxşar uğura imza atıb. 73 kq çəkidə yer alan Tarquliyev finalda qazaxıstanlı Dosbol Balqabayla üz-üzə gəlib və qızıl medala sahib çıxıb. İdmançımız finaladək baş tutan görüşlərdə Özbəkistan təmsilçiləri Cahongir Rəcəbov və Camşidbek Kəramətova qalib gəlib.
Xatırladaq ki, turnirdə 6 ölkədən 314 idmançı iştirak edib. Azərbaycanı Asiya kubokunda baş məşqçi Ramiz Ramizzadənin rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət milli komandanın 22 cüdoçusu təmsil edir.