UEFA İcraiyyə Komitəsi 2024-cü ilə qədər futbolçularının milli komandaların turnirlərində iştirakını təmin edəcək klublar arasında vəsaitin bölüşdürülməsi meyarlarını təsdiqləyib. Corner.az UEFA-ya istinadən xəbər verir ki, bununla bağlı 240 milyon avro ayrılacaq.
Bu proqram Millətlər Liqasının oyunlarını, AÇ-2024-ün seçmə və final mərhələlərini əhatə edəcək. Bölgü sistemi AÇ-2020 ilə müqayisədə faktiki olaraq dəyişməz qalacaq.
Futbolçuların Millətlər Liqasının 2020/21 və 2022/23 mövsümlərində, eləcə də AÇ-2024-ün seçmə oyunlarında iştirakına görə klublara 100 milyon avro ödəniləcək. Bu, AÇ-2020 ilə müqayisədə 30 milyon avro çoxdur.
AÇ-2024-ün final mərhələsində iştirak edəcək futbolçuların klublarına isə 140 milyon avro ödəniləcək. Bu, əvvəlki turnirlə müqayisədə 10 milyon avro çoxdur.
UEFA sonuncu dəfə 697 kluba 200 milyon avro ödəyib. Onların arasında Azərbaycan klubları da var.