- Offside
- 22:48 26.11.2024
Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın həkimləri ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunub.
Corner.az "France24" nəşrinə istinadən xəbər verir ki, prokurorluq mərhum hücumçunun müalicəsində iştirak edən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.
Hüquq-mühafizə orqanları 8 tibb işçisinin səhlənkarlığa yol verdiyini və ev terapiyası zamanı Maradonanı köməksiz qoyduğunu bildirib. Onların hərəkətləri qeyri-adekvat və ehtiyatsızlıq kimi qiymətləndirilib. Aralarında tibb bacısı, psixoloq, psixiatr və neyrocərrahın da olduğu müttəhimlər təqsirli bilinərsə, onları 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də ürək çatışmazlığından 60 yaşında vəfat edib. Hüquq-mühafizə orqanları həkimin, eləcə də Maradonanın öldüyü gün növbətçi tibb bacısının səhlənkarlığından şübhələnib və araşdırmalara başlayıb.
Həkimlərin dediyinə görə, Maradona noyabrın 25-i səhər saat 04:00 - 06:00 aralığında yuxuda keçinib. Lakin bu məlumat çağırış üzrə gələn həkimlərin hərəkətləri və şahidlərin ifadələri ilə ziddiyyət təşkil edir. Maradonanın yanına ilk gələn həkim saat 13:15-də onun öldüyünü elan edib. Bundan əvvəl 45 dəqiqə ərzində isə veteran futbolçunu reanimasiya etməyə çalışıblar.(report)