- Offside
- 22:48 26.11.2024
"Gələcəkdə legioner baş məşqçinin gətirilməsi barədə düşünürük".
Corner.az-ın məlumatına görə, bunu Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Şahin Mövsümov qurumun hesabat-seçki konfransından sonra keçirilən mətbuat konfransında deyib.
İş adamı bildirib ki, mütəxəssisin qarşısına müəyyən hədəflər qoyulacaq: "Ən önəmli məqsədlərimizdən biri olimpiadaya lisenziya alınmasıdır. Qısamüddətli uğurlar istəmirik. Ona görə də uzunmüddətli hədəflər qoyuruq. Geridə qalan 10 ildə nəticələri legionerlər yox, gənclərimiz göstərdi".
Onun sözlərinə görə, yeni baş məşqçi məşhur idmançı olacaq: "Yenilik gətirməli, sistemdəki səhvlərimizi görmək istəyirik. Bilirsiniz ki, bu idman növü daha çox Cənubi Koreyada inkişaf edib. Ya həmin ölkədən, ya da Türkiyədən mütəxəssis gətirmək istəyirik".
Mövsümov kamandan oxatmanın bahalı idman növü olduğunu söyləyib: "Federasiyaya yeni gələndə məşq etməyə yerimiz, avadanlıqlarımız da yox idi. Sadəcə, federasiyanın adı var idi. Qısa müddətdə milli komanda formalaşdırdıq. Bağlı oidman kompleksimiz olmalıdır. Bütün planlar olimpiya lisenziyasına bağlıdır. Regionlarda klublar açılmalıdır".