- Offside
- 22:48 26.11.2024
Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi Sloveniyada şəxsi Avropa çempionatında yüksək nəticə göstərən şahmatçılarla görüşüb.
AŞF-dən Corner.az-a verilən məlumata görə, görüşdə qitə birinciliyinin yekun nəticələrinə əsasən 3-8-ci yerləri bölüşən Vasif Durarbəyli, 9-11-ci yerləri tutan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov, ilk qrossmeyster balını toplayan Read Səmədov, qadınlar arasında qrossmeyster üzrə son normanı yerinə yetirən Gövhər Beydullayeva iştirak edib.
Federasiya prezidenti Mahir Məmmədov şahmatçıların nəticələrini yüksək qiymətləndirib, Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynovu 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanmaları münasibəti ilə təbrik edib. O, Qədimbəylinin yarışda uzun müddət lider mövqeyində qərarlaşdığını xatırlayaraq, şahmatçının Çexiya təmsilçisi David Navara üzərində qələbəsini xüsusi vurğulayıb. Məmmədov qadın şahmatçılardan ibarət yığmanın üzvü Gövhər Beydullayevanın Avropa çempionatında xanımlar arasında ən yüksək nəticəni qazandığını və reytinqini 70 əmsal artırdığını söyləyib.
Sonda AŞF rəhbərliyi şahmatçıların fikirlərini dinləyib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.