- Offside
- 22:48 26.11.2024
"Tələsmək istəmirəm, çünki yeni uğurlar qazana bilərəm. Yəqin ki, karyeramı bitirdikdən sonra mənim haqqımda da gözəl, tam fərqli bir film çəkiləcək".
Corner.az xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) yunan-Roma güləşçisi Rafiq Hüseynova (82 kq) həsr olunan veriliş barədə danışarkən deyib.
Üçqat Avropa və üçqat dünya çempionu bildirib ki, bəziləri Hüseynovun həyatını bu filmdə gördü: "Amma mən onu 20 ildir tanıyıram. Hansı əziyyətləri çəkdiyini, hansı sınaqlardan keçdiyini gözümlə görmüşəm. Sevindirici haldır ki, həmin əziyyətlər öz bəhrəsini verdi. İdmançı üçün ən gözəl mükafatlardan biri olimpiya medalıdır ki, Rafiq bunu da əldə edib. Atasının onun üzərində necə durması və əziyyət çəkməsi hamımıza bəllidir. Doğrudan da sevinirəm ki, gec də olsa, belə gözəl nəticələr qazandı. Ona daha böyük uğurlar arzu edirəm".
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı karyerasını başa vuracağı vaxtı da açıqlayıb:"Paris olimpiadasından sonra karyeramı bitirəcəyəm. İdmanda müəyyən bir yaş var. Düşünürəm ki, karyeramı bitirməyin vaxtı çatacaq. Çünki 33 yaşım olacaq. Gənc idmançılara yol açmaq lazımdır. İdmandan qələbə ilə getmək istəyirəm".
Dövlət Sərhəd Xidmətində (DSX) çalışan Əliyev vaxtından əvvəl kapitan rütbəsi almasına da toxunub: "Mən həm də hərbçiyəm. İllərdir DXS-da zabit kimi çalışıram. Orada işlədiyim andan özümə qarşı diqqət-qayğını hiss etmişəm. Hər zaman işimlə bağlı mənə dəstək olublar, məşqlərimin dayanmaması üçün köməklik göstəriblər. Vaxtından əvvəl kapitan rütbəsi aldım. Xidmət rəisimiz Elçin Quliyevə təşəkkürümü bildirirəm. Artıq ikinci dəfədir mənə vaxtından əvvəl rütbə verir. Etimadını doğrultmağa çalışacağam. Sevinirəm ki, həm idmançı, həm də hərbçi kimi nəticələr qazanmışam".(report)