Futzal üzrə Azərbaycan kubokunda mübarizə sona yaxınlaşır. Corner.az xəbər verir ki, aprelin 26-da keçiriləcək yarımfinal matçları finalçıların kimliyinə aydınlıq gətirəcək.
Maraqlıdır ki, cütlüklərdən biri Birinci, digəri isə Yüksək Liqa təmsilçiləridir. Hazırda Birinci Liqada baxımlı və əzmkar oyunu ilə seçilən “Alyans Qrup” mövsümü titulla başa vurmaq istəyir. Bəs həllledici mərhələyə bir addım qalmış baş məşqçi İlkin Əhədov nə düşünür?
“Qış fasiləsindən sonra komandamız üçün müəyyənləşdirdiyimiz hədəflərdən biri də Azərbaycan kubokunun yarımfinalına yüksəlməkdi. Çətin də olsa, buna nail olduq. İndi finaldan bizi 1 oyun ayırır. Əlbəttə, güclü bir rəqiblə qarşılaşacağıq. Aydın məsələdir ki, bu mərhələdə zəif komanda axtarmaq sadəlövhlük olardı. Amma gücümüzdən sona qədər istifadə edəcəyik ki, yeni məqsədimizi reallaşdıraq. Hazırda komandada cəzalı, zədəli futzalçı yoxdur. Bu da bizi sevindirir. Əhvalımız da yüksək vəziyyətdədir. Hamımız qələbə əzmi ilə hazırlaşırıq. Futzalçılarıma deyir ki, ürəkdə inam olsa, insan istədiyinə nail olar. Bu arada, Azərbaycan kubokunun sponsoru olan Badamlı şirkətinə komandamız adından təşəkkür edir, onları futzalımız üçün etdiklərinə görə alqışlayırıq. Eyni zamanda, komandamıza dəstk olan “Alyans Qrup” MMC-nin əziyyətini yüksək qiymətləndiririk, təşəkkürümüzü bildiririk. Kimin qələbə qazanmasından asılı olmayaraq, oyunların fair-pley qaydaları çərçivəsində keçməsini arzulayıram. Hər iki komandaya uğurlar”.