27 noyabr 2024. Çərşənbə

Bu məşqçini Azərbaycana yenidən gətirən üçüncü qüvvə kimdir?


  • Offside
  • 16:51 26.04.2022
  • Oxunma sayı: 204
Bu məşqçini Azərbaycana yenidən gətirən üçüncü qüvvə kimdir?
“Milli komandada məşqçi dəyişikliyi oldu. Yenə kubalını gətirdilər. Sonuncu dəfə Boks Federasiyasının rəhbərliyi ilə görüşdə hamı xahiş etdi ki, milliyə əcnəbi gətirilməsin. Federasiya prezidenti Sahil Babayev də söz verdi ki, məsələ ilə bağlı müzakirə aparacaqlar və çalışacaqlar ki, əcnəbi olmasın. Amma yenə əcnəbi məşqçi təyin olundu”.
 
Corner.az xəbər verir ki, bunu Oxu.az-a “Neftçi” İdman Klubunun boks bölməsinin rəhbəri, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Vüqar Ələkbərov deyib.
 
Bu gün 2014-2016-cı illərdə boks millimizi çalışdırmış, sonradan federasiyanın sabiq rəhbərliyi ilə arasında pul problemi yaşadığı üçün ölkəmizi tərk etmiş Pedro Roke yenidən yığmamızda işləyəcək. Kubalı Umberto Orta Domingesdən sonra onun yığmaya təyinatı birmənalı qarşılanmayıb.
 
Mingəçevir boks məktəbinin yetirməsi, 41 yaşlı veteran bu təyinatdan təəccübləndiyini bildirib:
 
“Özümüzdə yerli mütəxəssislərimiz çoxdur. Əli İsmayılov, Elbrus Rzayev, Şahin İmranov kimi kadrlarımız var. Bizim “Neftçi”nin baş məşqçisi Rafiq İsmayılov milliyə dəvət olunmalıdır. 13 çəki dərəcəsindən yeddisində “Neftçi”nin boksçusu ölkə çempionu olub.
 
Bu sual sizə necə maraqlıdırsa, bizə də o dərəcədə maraqlıdır. Bu məşqçini kim gətirib? Bu məsələ baş katib Nağı Səfərovluq deyil. Çünki Pedro Roke ilə onun arasında Rio Olimpiadasından sonra müəyyən problem yaranmışdı.
 
Burada üçüncü şəxs var. Hansı ki, bu məşqçini yenidən qaytarıb. Bax həmin şəxs, bu üçüncü qüvvə kimdir? Milliyə yenidən əcnəbi gətirməkdə məqsədi nədir?
 
Sahil Babayevlə görüşdə də demişdim ki, 2004-cü il Olimpiadasında rəhmətlik Məmməd Eyvazov baş məşqçi idi. On çəki dərəcəsindən doqquzunda idmançılar Olimpiadaya lisenziya qazanmışdılar. Onda əcnəbi idi baş məşqçi?”
 
Vüqar Ələkbərov milliyə baş məşqçi təyin olunmuş Pedro Rokenin vaxtı ilə “Neftçi”də 400 manata işləmək istədiyini də bildirib:
 
“Qəbələ” klubunun baş məşqçisi olmuş kubalı Lasaro Martines və bu Pedro Roke o vaxt mənə yalvarırdılar ki, 400 manat verin, “Neftçi”də işləyək. Kubalılar barədə bir faktı sizə deyim. Üçqat olimpiya, altıqat dünya çempionu Feliks Savon (yeri gəlmişkən, bu boksçu Pedro Rokenin yetirməsi olub – S.M.) ayda 40 dollar təqaüd alır. Kuba sosialist ölkəsi olduğundan, oradan buraya gələnlər sırf pul qazanmağa gəlirlər. Boks məşqçilərinin ən çox qazananı 25-30 dollar maaş alır. Bir də bu kubalı ilə tərcüməçi vasitəsilə danışmaq da yarış zamanı vaxt aparır”.






Offside