Beynəlxalq Buz Xokkeyi Federasiyası (IIHF) Rusiyanı 2023-cü ildəki xokkey üzrə dünya çempionatına ev sahibliyindən məhrum edib. Corner.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Məlumatda, yarışın keçirilməsi üçün yeni ölkə müəyyənləşdiriləcəyi bildirilib.
Beynəlxalq idman yarışının 2023-cü ilin mayında Sankt-Peterburqda keçirilməsi planlaşdırılmışdı. Məlumatda alternativ ev sahibi ölkənin gələn ay müəyyənləşdiriləcəyi qeyd olunub.
Fevral ayında IIHF özünün təşkil etdiyi yarışlarda Rusiya və Belarusun milli və klub səviyyəsindəki komandalarının iştirakını qadağan edib və Rusiyanın 2023-cü ildə azyaşlılar arasında keçiriləcək dünya çempionatına ev sahibliyi hüququnu da əlindən alıb.
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Sözügedən ölkələrin müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.